Teymur Elçin. Sərçəcik
Yuvadan çıxıb
Bala sərçəcik,
Baxdı ətrafa,
Elədi cik-cik.
Sevindiyindən
İçini çəkdi;
Nəyi gördüsə,
Dedi qəşəngdi.
Gah sağa aşdı,
Gah sola aşdı,
Günəşə baxdı,
Gözü qamaşdı.
Başını əydi,
Görəndə yeri
Qorxdu quşcuğaz,
Çəkildi geri.
-Anam da gəlmir,
Gedib bayaqdan,
Su gətirəcək
Mənə bulaqdan.
Dözə bilmədi
Darıxdı yaman,
Sərçəcik yenə
Çıxdı yuvadan.
Qanadlarına
Toxundu külək,
Elə bil dedi:
-Tez ol, uç, görək!
Ürəkləndi quş,
Havaya qalxdı,
Həsrətlə dönüb
Yuvaya baxdı.
Öz nəğməsini
Oxudu: cik-cik,
Su axtarmağa
Getdi sərçəcik.
15.07.2026