Xəbərlər

Uşaq yazıçısı Mehriban Nağıyevanın “O sehrli söz” kitabı işıq üzü görüb

Uşaq ədəbiyyatının tanınmış nümayəndələrindən olan Mehriban Nağıyevanın yeni kitabı – “O sehrli söz” nəşr olunub. Balaca oxucular üçün nəzərdə tutulan kitabda bir-birindən maraqlı, düşündürücü və tərbiyəvi məzmun daşıyan nağıllar toplanıb.

Nəşrdə müəllifin uşaqlara xeyirxahlıq, dostluq, mərhəmət, əməksevərlik və düzgün davranış kimi mənəvi dəyərləri aşılayan altı nağılı yer alıb. Kitabın səhifələrində oxucular “Selinin kurabiyəsi”, “Tülkü Həcdən gəlmişdi”, “Xeyirxah qız”, “Şən tərəvəzlər”, “Paxıl toyuq” və “O sehrli söz” adlı maraqlı nağıllarla tanış olacaqlar.

Kitabın redaktoru Gültəkin Cəfərli, dizayneri Elçin Cəfərlidir. Daxili illüstrasiyalar Vəfa Xəlilova, üz qabığının illüstrasiyası isə Mərziyə Tağıyeva tərəfindən hazırlanıb.

Şərq-Qərb mətbəəsində çap olunan yeni nəşr uşaqların mütaliə dünyasına rəng qatacaq, onların həm əylənərək, həm də öyrənərək vaxt keçirmələrinə şərait yaradacaq.

Xatırladaq ki, indiyədək uşaq yazarı Mehriban Nağıyevanın bugünədək 17 kitabı nəşr olunub.