Şeirlər

Nigar Rəfibəyli. Güllərin

Gəldim çiçəklərlə vidalaşmağa,
Gördüm ki, yaşlıdır gözü güllərin,
Bəlkə gileylidir, şikayəti var,
Bəlkə vardı mənə sözü güllərin.


Xeyli qüssəliydi gülün görkəmi,
Çökmüşdü üstünə payızın qəmi,
Onların bahardır məhəbbət dəmi,
Açılar gül kimi üzü güllərin.


Baharsız gülün də şöhrəti olmaz,
Baharsız xatiri, hörməti olmaz
Baharda heç kəsə minnəti olmaz,
Açılar əllisi, yüzü güllərin....