Xəbərlər

AZƏRTAC-ın Uşaq Bilik Portalı ilə Özbəkistanın “Tonq Yulduzi” qəzetinin birgə rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

AZƏRTAC-ın Uşaq Bilik Portalının və Özbəkistanın “Tonq Yulduzi” qəzetinin birgə təşkilatçılığı ilə keçirilən “Milli adət-ənənələr və bayramlar” mövzusunda rəsm müsabiqəsinin qalibləri aprelin 23-də mükafatlandırılıb. Tədbirdə müsabiqənin qalibləri, onların valideynləri və agentliyin əməkdaşları iştirak ediblər.

 

Əvvəlcə iştirakçılar agentliyin binasında Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın müxtəlif tədbirlərdə iştirakını, yerli və xarici mediaya müsahibələrini, Müzəffər Ali Baş Komandanımızın İkinci Qarabağ müharibəsi dövründə xalqa müraciətlərini, işğaldan azad olunmuş bölgələrə səfərlərini əks etdirən fotostendlərə, həmçinin AZƏRTAC-ın müxtəlif dövrlərdə istifadə etdiyi texniki avadanlıqların nümunələrindən ibarət muzeyə baxıblar.

 

Mərasimdə AZƏRTAC-ın İdarə Heyətinin üzvü Elşən Şahbalayev agentliyin fəaliyyəti barədə məlumat verib. O qeyd edib ki, agentlik etibarlı informasiya mənbəyi kimi ölkə daxilində və beynəlxalq səviyyədə mühüm rol oynayır.

 

Eyni zamanda o, Uşaq Bilik Portalı haqqında danışaraq bildirib ki, portal 2013-cü ildə yaradılıb və uşaqların maarifləndirilməsi, onların bilik və dünyagörüşünün inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir.

 

Uşaq Bilik Portalında cizgi filmlər, nağıllar, ensiklopedik məlumatlar, tapmacalar və digər maraqlı materiallar yerləşdirilir. Eyni zamanda, portalda uşaq yaradıcılığı rubrikası var ki, uşaqların çəkdikləri rəsmlər, yazdıqları nağıllar, şeirlər və digər bacarıqları haqqında məqalələr hazırlanır və yayımlanır. İzləyicilər uşaqların maraq dairəsinə daxil olan tədbirlər haqqında operativ xəbərlər də əldə edə bilərlər. Məktəblilər üçün burada Azərbaycanın dövlət atributları, işğaldan azad edilmiş rayon və şəhərlər, milli musiqi və kino, incəsənət və digər sahələr barədə ətraflı məlumatlar təqdim olunur. Azərbaycan və rus dillərində fəaliyyət göstərən Uşaq Bilik Portalını “Instagram” və “Facebook” səhifələrində də izləmək mümkündür.

 

Vurğulanıb ki, bu cür layihələr uşaqların yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasında mühüm əhəmiyyət daşıyır.

 

Kollektiv adından müsabiqə qalibləri təbrik edilib və onlara yaradıcılıq uğurları arzulanıb.

 

Sonda qaliblərə diplomlar və hədiyyələr təqdim olunub.

 

Müsabiqədə Azərbaycan üzrə 8–11 yaş kateqoriyasında I yerə Kövsər Qurban, II yerə Əli Bənnayev, III yerə isə Abdurrahman Səlimli layiq görülüb. 12–15 yaşlılar arasında isə I yeri Mikayıl Həbibullahlı, II yeri Fərəh Əkbərzadə, III yeri isə Türkan Abbaszadə qazanıb.

 

Özbəkistan üzrə 8–11 yaş kateqoriyasında I yerin qalibi Ruşana Şirinova, II yerin qalibi Ruşana Davletşina, III yerin qalibi isə Nafisaxon Mirzohidova olub. 12-15 yaşlılar arasında isə I yeri Arsen Puzerenko, II yeri Maryamxon Yakubova, III yeri David Burıy tutub.