Şeirlər

Coşqun Xəliloğlu. Balaca Fəti

Balaca, toppuş Fəti
Yaman xoşlayır əti.
Doymur nə qədər yesə,
Dili gəlməyir,  “bəs”ə.

 

O yemir alma-armud,
Hirslənəndə gəl, ovut.
Bəyənmir göy-göyərti,
Qatıq-süd sevmir qəti.

 

Bir gün ana hirsləndi,
Lap ucadan səsləndi:
– Bəsdir, başa düş Fəti,
Çox yemək olmaz əti.

 

Böyüyərsən, şişərsən,
Olarsan qarnı yekə,
Uşaqlar lağ eyləyib
Deyərlər: – Toppuş kökə.

 

Əgər təkcə ət yesən
Boyun gödək qalacaq.
Sırada sonuncu yer
Daim sənin olacaq.

 

Fəti susdu, dayandı,
Birdən sanki oyandı,
Cavabı oldu  qısa:
– Yaxşı, ət istəmirəm,
Verin mənə kolbasa.