Su çərşənbəsi - bərəkət, təmizlik və yenilənmənin rəmzidir
İnsan yaddaşında bahar təkcə fəslin dəyişməsi deyil, ümidlərin yenidən canlanması, həyatın təzələnməsidir. Günəşin hərarəti artdıqca, sular axdıqca, torpaq isinib nəfəs aldıqca insan da daxilən yenilənir.
Qədim dünyagörüşünə görə, kainatın və həyatın əsasında dörd ünsür - su, od, hava (yel) və torpaq dayanır. Novruzun gəlişi də məhz bu ilkin başlanğıcların oyanışı ilə əlaqələndirilir.
Bu il Su çərşənbəsi fevralın 24-nə, Od çərşənbəsi martın 3-nə, Yel çərşənbəsi martın 10-na, Torpaq (İlaxır) çərşənbəsi isə martın 17-nə təsadüf edir. Beləliklə, təbiətin oyanış yolu su ilə başlayır, odla isinib, yellə hərəkətə gəlir və torpaqla tamamlanır.
Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli Su çərşənbəsi ilə bağlı qeydlərini AZƏRTAC-la bölüşüb.
Su çərşənbəsi - baharın başlanğıcı
Folklorşünas bildirir ki, Novruz bayramının dörd əsas çərşənbəsindən biri olan Su çərşənbəsi xalq arasında “Əzəl çərşənbə” kimi də tanınır. Qədim inanclara görə, kainatın yaradılışı zamanı ilk su mövcud olub və həyatın mənbəyi sayılıb. Buna görə də Su çərşənbəsi təkcə baharın gəlişinin deyil, həm də yenilənmənin, saflığın və bərəkətin rəmzidir. Bu gün insanlar suyun gücünə inanaraq müxtəlif adət-ənənələr yerinə yetirir, onun vasitəsilə həm mənəvi, həm də fiziki təmizliyə nail olmağa çalışırlar.
Xalq yaradıcılığında su müqəddəs başlanğıc kimi təqdim olunur:
Göydə ulduz ikidir,
Biri qurdun tüküdür.
Allah, məni su eylə,
Su gözəllər yüküdür...
Suyun gözələ bənzədilməsi, ilahiləşdirilməsi onun müqəddəsliyindən gəlir. Su dünyanın yaranışında əsas rol oynayan ünsürdür.
Ümumiyyətlə, çərşənbələr adi məsələ deyil, ilin yenilənməsi, dəyişməsi həm də başlanğıcıdır.
"Yalançı çərşənbələr"
Atəş Əhmədlinin sözlərinə görə, Novruzaqədərki çərşənbələrin hər biri öz enerjisi və təsiri ilə fərqlənir. Lakin xalq inanclarına görə, hər çərşənbə doğru deyil - fevral ayında qeyd olunan bəzi çərşənbələr “oğru” və ya “yalançı çərşənbə” adlandırılıb. Bunun səbəbi havanın bir anlıq isinməsi, günəşin görünməsi və baharın gəldiyi hissini yaratması olub. Amma ardınca yenidən qar yağır, şaxta düşür və baharın hələ tam gəlmədiyi anlaşılır. Bu çərşənbələr insanları yanıldan, lakin doğru çərşənbələrə aparan keçid mərhələləridir.
Bölgələrdə Su çərşənbəsi adətləri
Azərbaycanın müxtəlif bölgələrində Su çərşənbəsi xüsusi adət-ənənələrlə qeyd edilir. Quba və Qusar kimi dağlıq ərazilərdə insanlar səhər tezdən çay kənarına gedir, oradan götürdükləri suyu evlərinə apararaq həyətlərinə və ağacların dibinə səpir, bunun bərəkət və firavanlıq gətirəcəyinə inanırlar. Bəzi bölgələrdə isə çay suyu saxsı qablarla evə gətirilir, bu su ilə yuyunmaq ilin bütün bəlalarından qorunmaq anlamına gəlir. Bəzi kəndlərdə isə səhər tezdən evin girişinə su tökmək və qırmızı lent bağlamaq şərtdir - bu, ailəyə xoşbəxtlik gətirir.
Axar suya pıçıldanan arzular
Bu gün də insanlar bulaq başında niyyət tutur, axar suya arzularını pıçıldayır və inamla yenilənməyə çalışırlar. Miflər zamanla dəyişə bilər, lakin Su çərşənbəsinin ruhu - təmizliyə, ruzi-bərəkətə və yeni başlanğıclara inam daim yaşayır.
İnsanlar bu ənənə ilə yalnız keçmişə hörmət etməyi deyil, gələcəyə ümidlə baxmağı da öyrənirlər. Su çərşənbəsi xatırladır ki, həyatın hər axını, hər başlanğıcı təmiz niyyət və inamla müşayiət olunmalıdır.
Qeyd edək ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 18:45:53-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək, ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacaq.
Su çərşənbəniz mübarək!
24.02.2026