Salvador vulkanlar ölkəsidir
Salvador Mərkəzi Amerikada ən kiçik dövlətdir. O, həm də Mərkəzi Amerikanın ən sıx əhalisi olan ölkəsidir. Maraqlıdır, salvadorlular nə üçün sanki “vulkan üzərində yaşayır” və nə üçün özlərini iki xalqın - hindilərin və ispanların nəsilləri sayırlar? Qədim zamanlarda Salvadorun adı başqa idi. Bu ölkə Kuskatlan adı ilə tanınırdı. Kuskatlan “xoşbəxtlik diyarı” deməkdir. Bu qədim şəhər-dövlətin öz kübar cəmiyyəti, tacirləri və kölələri olub. Kuskatlan kəndliləri tarlada çalışır, torpağı toxa ilə əkib-becərirdilər. Hazırda Salvadorun arxeologiya muzeylərində onların əmək alətlərini, habelə qədim qab-qacağı və bəzək əşyalarını görmək olar. Bundan əlavə, ölkədə hindilərin evləri və müqəddəs məbəd rolu oynayan qədim ehramlar qalıb. Onları pipil və lenka adlanan hindi tayfaları inşa ediblər.
Ölkənin paytaxtı San-Salvador eyniadlı vulkanın ətəklərində yerləşir. Son vaxtlar şəhər xeyli genişlənib. Tez-tez baş verən zəlzələlər, vulkan püskürmələri onun köhnə rayonlarını demək olar məhv edib. Paytaxtın yerləşdiyi Amakas çayı vadisi baxımsız vəziyyətdədir. Burada yaşayan əhalinin sayı həddindən çoxdur. Hakimiyyət orqanları şəhərin əvvəlki görkəmini bərpa etməyə, müstəmləkə dövrünə aid gözəl tikililəri təmir etməyə çalışırlar.
Serro-Verde vulkanı çoxdan sönüb. Sonuncu dəfə 2500 il əvvəl püskürüb. Santa-Ana vulkanının hündürlüyü 2385 metrdir. Salvadorun bu ən uca vulkanı son 500 ildə təqribən 17 dəfə püskürüb. Sonuncu dəfə 2005-ci ildə, özü də az qala avtomobil boyda qənbərlər püskürüb. İsalko adlanan üçüncü vulkanı daim püskürdüyünə görə Sakit okean mayakı adlandırıblar. Bu vulkan hər 8 dəqiqədən bir 300 metr hündürlüyə kül sütunu tullayır. Onun şəfəqi okeandan yaxşı görünür və gecə saatlarında dənizçilərə yol göstərir.