
Alp dağları XIX əsrin ortalarında. O vaxtadək az qala bütün dünyadan təcrid olunmuş bu diyara ingilis turistləri axışmağa başlayır. Varlı ingilislərin bir qismi sanatoriyalarda müalicə olunur, səfalı dağ havası udur, digərləri xizəklə vadiyə sürüşmək üçün yamaclarla yuxarı dırmaşırdılar. İsveçrə getdikcə dəbdə olan istirahət və müalicə məkanına çevrilir.
Amma bir problem vardı: dağlarda rahat nəqliyyat yox idi. Turistlər isə mənzərəli yerləri seyr etmək istəyirdilər. Bəs yuxarı necə qalxmalı? Piyadamı? Amma bunu yalnız yaxşı məşq etmiş alpinistlər bacarar. Qatarlamı? Bəs bu cür enişdə vaqonlar aşağı sürüşməyəcəkmi?
Mühəndislər bu məsələni həll etmək üçün baş sındırırlar. 1877-ci ildə İsveçrənin Lozanna şəhərində birinci yerüstü kanat yolu – funikulyor işə salınır. İki vaqon müxtəlif tərəfdən eyni dartıcı kanata bağlanır, vaqonlardan biri dağa qalxanda, digəri öz ağırlığının təsiri ilə aşağı enir. Amma belə yol üçün relslər tələb olunur. Relsləri isə yalnız hamar enişlərdə quraşdırmaq olar. Belə olan halda asma yol daha rahat deyilmi? Belə bir yol 1908-ci ildə İsveçrənin qonşuluğunda - Avstriyada inşa olunur. Yeni konstruksiyada dartıcı kanat qalsa da, relsləri daşıyıcı olan ikinci kanat əvəz edir. Bu konstruksiyanı yerin üzərində hündür dirəklər saxlayırdı. Kabinənin damına quraşdırılan təkərlər poladdan olan kanatla diyirlənirdi.

Asma yolu ən çətin keçilən yerlərdə - gur sulu çaylar, qalın meşələr, dərin dərələr üzərindən çəkmək olar. Belə yolla hər hansı maneəni asanlıqla dəf etmək mümkündür. Konstruktorlar 100 ildən çox müddət ərzində saysız-hesabsız kürsülü, qoşqulu, yellənən, qondolalı qaldırıcı mexanizm düşünüb tapıblar. Sanki daha nə lazımdır: kabinədə otur, pəncərəsindən əsrarəngiz təbiət mənzərələrini seyr et. Amma belə deyil. Bəzi insanlar kanat yolunda özlərini narahat hiss edirlər. Axı yerdən 100 metr yüksəkdə yellənmək çox təhlükəli olmalıdır!
Həqiqətən, bədbəxt hadisələr də olub. Məsələn, 1998-ci ildə alçaqdan uçan ABŞ qırıcı təyyarəsi kanat yolunun burazına çırpılıb. İçində 20 sərnişin olan kabinə dərin uçuruma yuvarlanıb. Amma belə faciələr nadir hallarda baş verir. Kanat yolları dünyanın ən təhlükəsiz nəqliyyat növlərindən biridir. Axı hər həftə onların mexanizmləri gözdən keçirilir, ən xırda nasazlıqlar aradan qaldırılır, lazım gəldikdə, möhkəmliyi rentgen şüaları ilə yoxlanılır. Bundan əlavə, müasir qondolaların üç tormoz sistemi var. Dartıcı kanat qırılanda onlardan biri daşıyıcını saxlayır və qondola asılı vəziyyətdə qalır.
Hazırda kanat yollarına təkcə dağ-xizək kurortlarında təsadüf edilmir. Dünyanın bir çox iri şəhərlərində belə yollar inşa edilib. Məsələn, Nyu-York və Rio-de-Janeyro kimi iri meqapolislərdə evlərin damları üzərindən içində sərnişinlər olan kabinələr şütüyür.
Bakıda da funikulyor fəaliyyət göstərir. Lakin Bakı funikulyoru digərlərindən fərqlənir. Burada relslərlə iki vaqon hərəkət edir. Azərbaycanın Qəbələ və Qusar ( “Şahdağ” qış-yay turizm kompleksi) rayonlarında da kanat yolları fəaliyyət göstərir.
23.01.2016