Təbiət

Gülçülər qladiolusları nə vaxtdan sevməyə başlayıblar?

Qladioluslar haqqında ilk məlumat eramızın I əsrinə təsadüf edir. Süsənkimilər fəsiləsinə aid qladiolusun yarpaqları qılıncvari formada olduğundan, bitkinin adı da "qılınc" mənasını verən "gladus" latın sözündən götürülüb. Qədim Yunanıstanda bu çiçəyi həmin mənanı verən "ksifion" adlandırıblar. 
 
Bu yabanı gülün təsviri yunan həkimi Dioskorid tərəfindən verilib. Yunanlar həmin gülün narın döyülmüş soğanağını çörəyin yaxşı bişməsi məqsədilə hərdənbir una qatsalar da, onu alaq otu biliblər. 
 
Qladioluslar dekorativ gül kimi Avropada yalnız XIX əsrdə qəbul olunub. 1837-ci ildə Belçika bağbanı German Beddinqhaus Cənubi Afrika bitki növlərini çarpazlaşdırarkən hibrid yetişdirib ki, bu da sonradan məhz gent qladiolusu adlandırılıb. Elə o vaxtdan bağ qladioluslarının yeni tarixi başlanıb. Floranın bu çox gözəl nümunəsinin zərifliyi, eləcə də dərildikdən sonra saxlama müddətinin uzunluğu dünya nəbatatçıları tərəfindən düzgün qiymətləndirilib.