Təbiət

“Spaniel” nə deməkdir?

Bu it cinsinin mənşəyi barədə dəqiq məlumat olmasa da, bəzi mülahizələr var. Kimisi hesab edir ki, qulaqları uzun olan bu itlər müasir Böyük Britaniyanın ərazisinə hələ eramızdan əvvəl 55-ci ildə Yuli Sezar tərəfindən gətirilib. Kimisi isə inanmaq istəyir ki,  bu cinsin kökləri kelt tayfalarının yetişdirdiyi ov itlərinə gedib çıxır. Yeri gəlmişkən, elə  cinsin adının necə yaranması da başdan-başa müəmmadır. Ola bilsin, “spaniel”  sözü skiflərin (qədim türk tayfaları) “spaka” sözündən əmələ gəlib. Herodota görə, skiflər itləri məhz belə adlandırıblar.  Məhz bu söz ilə türklərin “kopak” sözünün birləşməsindən “sobaka” sözü əmələ gəlib. 
 
Lakin spaniel cinsinin adının İspaniya ilə bağlı olması ən geniş yayılan variantdır. Orada bu itlər hələ XV əsrdən məşhurdur. Şahin ovuna həvəsi ilə bütün Avropada şöhrət qazanan ispan cəngavərlərini ov zamanı həmişə sallaqqulaq, uzuntüklü itlər müşaiyət edib. XVI əsrdə İngiltərə kralının həkimi Con Kayesin “İngilis itləri” əsərində spaniellərin beş qrupu təsvir olunub. Müəllifin fikrincə, bu itlərin vətəni İspaniyadır. Lakin bu itlərin yetişdirilməsində, eksteryerin təkmilləşdirilməsində və cins müxtəlifliyinin  yaradılmasında İngiltərənin xidməti şəksizdir. 1859-ci ildə ov itlərinin ilk sərgisi məhz İngiltərədə keçirilib, 1885-ci ildə isə bu cinsin həvəskarları tərəfindən spaniellər klubu təşkil edilib.