Təbiət

Moreyn gölü və On Zirvə vadisi

On Zirvə vadisi Moreyn gölü sahilində yerləşir. Bu göl vaxtilə Banf parkında hökm sürmüş buzlağın əriməsindən yaranıb. Moreyn gölünün rəngi heyrətamizdir – ayrı-ayrı vaxtlarda göl zümrüd, yaxud da dəniz kimi tünd göy rəngində olur. Bu, gölə tökülən və onun dibində çökən buz parçalarının təsirindən yaranır. 
 
Bu yerin üzərindən səmanı kəsərək on iti zirvəsi olan dağ massivi ucalır. Venkçemna qayalarının qarlı zirvələri ümumi mənzərəyə ağlasığmaz təzadlı görünüş verir. Vadinin mənzərəsi və Moreyn gölü ilk baxışdan ömürlük yadda qalır.
 
Yerli əhali buranı “iyirmi dollar mənzərəsi” (Twenty Dollar View) adlandırırlar. Bu onunla əlaqədardır ki, 1969-1979-cu illərdə bu yerlərin mənzərəsi Kanadanın 20 dollar nominalında olan pulunun əks tərəfini bəzəyib. 
 
Vadidə yerləşən Moreyn gölü Amerika zabiti Volter Vilkoks tərəfindən 1899-cu ildə kəşf edilib. Kontr-admiral onu əhatə edən mənzərədən o dərəcədə valeh olub ki, gölü bütün göllərin ən qəşəngi adlandırıb. Sonralar hərbçi həmin yerə tamaşa etdiyi yarım saatı həyatının ən xoş dəqiqələri adlandırıb.   
 
Hazırda Moreyn gölü Kanadanın Banf Milli Parkının görməli yerlərindən biridir. Sahəsi 0,5 kvadrat kilometr olan bu gölə yaxınlıqda uzanan dağların qar suları axır. Buna görədir ki, Moreyndə suyun maksimal həddi iyun ayında olur. Həmin vaxt göldə heyrətamiz mənzərəni – suyun hamar səthində göy rəngin müxtəlif çalarlarının parıltısını müşahidə etmək olar. Bu ovsunlayıcı mənzərə buz parçalarının “dağ unu” adı ilə məşhur olan daha xırda hissələrə parçalanması nəticəsində yaranır. Gölə axan qar suları əks etdirdiyi göy rəng istisna olmaqla bütün rəngləri özünə hopdurur.