
Alman qoyun iti dünyada ən çox yayılmış it cinsidir. Qədimdən insanlara sədaqətlə xidmət edib və polis xidmətində dayanan itlərin siyahısında ilk sırada yer alıb. Hamı bilir ki bu itlər ağıllı, güclü və təmkinli olur, təlimi tez götürürlər. Alman qoyun iti çox aktiv və çevik itdir. Onlar uşaqlara və başqa heyvanlara qarşı çox mehribandırlar.
Adından da bəlli olduğu kimi onun vətəni Almaniyadır, lakin hazırda ona dünyanın bütün ölkələrində rast gəlmək olar. Əvvəllər bu it cinsi heyvan sürülərinin mühafizəsində istifadə olunurdu, lakin zaman keçdikcə o təkmilləşərək öz simasını xeyli dəyişdi. Alman qoyun itin nəcib görkəmi və möhtəşəm qamətə var. Adətən o, qırmızı-qəhvəyi nişanəli qara, açıq-boz nişanəli qəhvəyi, həmçinin saya qara və boz rənglərdə olur.
Bu it özünəməxsus temperamentə məhsusdur. Onu ram etmək üçün sahibi həm inadkar, həm də fiziki cəhətdən güclü olmalıdır. Nadir hallarda xəstələnən bu cinsin nümayəndələrinin ömrü adətən 12 ildir. Həm qarovul, həm xilasedici, həm aktyor, həm də sevimli ev heyvanı kimi bəslənilən alman qoyun iti müstəqil şəkildə vəziyyəti qiymətləndirə və hətta sahibinin həyatını xilas edə bilir. Belə hesab edilir ki, bu itlər tək sahibinə bağlanmır, başqası ilə də münasibət yaratmağı bacarırlar.
19.12.2014