Bu maraqlıdır!

Maçu-Pikçu

Müasir Perunun ərazisində sirli Maçu-Pikçu şəhəri yerləşir. Onu həm də “inklərin itirilmiş şəhəri” də adlandırırlar. Dağ başında yerləşən bu şəhər 1440-cı ildə inklərin başçısı Paçakutek tərəfindən 2057 metr hündürlükdə salınıb.
 
Dörd yüz il əvvəl tərk olunmuş şəhər unudulub və tamamilə kimsəsizləşib. Onu 1911-ci il iyulun 24-də amerikalı tədqiqatçı, Yelsk Universitetinin professoru Hayram Bingem aşkarlayıb. O, dövlət tərəfindən verilmiş mühafizə dəstəsi və yerli sakinlərdən olan bələdçi ilə birgə bu yerə gələndə, Maçu-Pikçuda yaşayan kəndlilərə rast gəlib. Kəndlilərin sözlərinə görə, onlar burada arzuolunmaz qonaqlardan, məmurlardan, orduya “könüllü” axtaran hərbçilərdən və ya vergi toplayanlardan azad yaşayırlar. Bundan başqa artıq bu yerlərdə mərmər divarlarda kömürlə adlarını qaralayan tarixi abidə həvəskarları da olmuşdular.
 
Maçu-Pikçu çox dəqiq quruluşa malikdir. Cənub-şərqdə, çox güman ki, saraya aid olan tikililər yerləşir. Onların hörüldüyü daşlar çox dəqiqliklə cilalanıb. Bundan başqa burada sal qayaların içində ovulmuş otaqlar da diqqəti cəlb edir. 
 
Maçu-Pikçuda cilalanmış daşla hörülən cəmi 200 tikili var. Şəhər iki hissəyə bölünüb. Şəhər hissəsində məbədlər, saraylar, çöl pilləkənləri və su mənbələri yerləşir. Kənd hissəsində isə təsərrüfat üçün nəzərdə tutulmuş,  nəhəng pilləvarı terraslar qurulub.
 
“İnklərin itirilmiş şəhəri”ndəki abidələr içərisində diqqəti ən çox cəlb edən “Günəş daşı”dır. İnklərin dilində İntiuatana adlanan bu abidə şəhərin ən hündür nöqtəsində yerləşən məharətlə cilalanmış qaya parçasıdır. “Günəş daşı” barmağı yuxarını tuşlanmış nəhəng yumruq şəklindədir. Alimlər inklərin memarlıq, tikinti, tibb və astronomiya sahələrində dərin biliklərinin olduğunu müəyyənləşdiriblər. Mülahizələrin birinə görə, İntiuatana rəsədxana mərkəzi kimi fəaliyyət göstərib. Bu nəhəng daş günəş saatı kimi istifadə edilib və onun köməyi ilə inklər saatı, ayları, əkin və biçinin vaxtını müəyyənləşdirmişlər. 
 
Maçu-Pikçu sakinləri həmçinin, qeyri-adi daşın ətrafında toplanaraq himnlər oxuyar, ilahələrə ibadət edər və dini ayinlər keçirərdilər. Lakin bu şəhərlə bağlı digər sirlər kimi, “Günəş daşı”nın sirrini də sonunadək aydınlaşdırmaq mümkün olmayıb. Məsələn, 1532-ci ildə Maçu-Pikçu sakinlərinin hara yoxa çıxdıqları hələ də müəmma olaraq qalmaqdadır. Ola bilsin ki, biz nə vaxtsa bundan xəbər tutacağıq.