Bu maraqlıdır!

Fəs və qədim Mədinə

Təməli VIII əsrdə qoyulmuş Fəs şəhəri Mərakeşin ən əsrarəngiz və tanınan şəhəridir. Ölkənin üç dəfə paytaxt olmuş ən qədim imperiya şəhərlərindən biridir. Bura həmçinin ölkənin ən mühafizəkar, dini inancları daha güclü olan, adət-ənənələrə daha bağlı olan şəhərdir. 1976-cı ildən YUNESKO xətti ilə Fəsin bərpası üçün tədbirlər görülüb.


Fəs üç hissədən ibarətdir: Fəs əl-Bali (Köhnə Fəs), XIII-cü əsrdə əsası qoyulmuş Fəs əl-Cədid (Yeni Şəhər) və XX-ci əsrdə Fransızlar tərəfindən inşa edilmiş Vil Nuvel.


Fəsin əsası 789 ildə I İdris dövründə (788—792) qoyulmuşdur. IX–X əsrlərdə (fasilələrlə) İdrisilər, XIII—XV əsrlərdə Marinilər dövlətinin paytaxtı olmuşdur. 1911-ci ildə Fransa ordusu Fəsi işğal etdikdən sonra Mərakeş xalqının milli azadlıq mübarizəsinin əsas mərkəzlərindən biri idi.


Fəs şəhəri 1956-cı ildə Mərakeş istiqlaliyyət qazandıqdan sonra sürətlə inkişaf etməyə başladı. 2004-cü il siyahıya alınmasına əsasən şəhər əhalisinin sayı 946 815 nəfər olub.


Dünyanın ən qədim universitetlərindən biri olan, 859-cu ildə əsası qoyulmuş Universitet, həm də məscid olan Karaviyyin bu gün də fəaliyyətini davam etdirir. Məscidə yalnız müsəlmaların daxil olmasına icazə var.


Fəsin ikinci görməli məkanı - köhnə şəhərdə yerləşən II İdris məqbərəsidir. Yeni Mədinədə, yəni Fəs-əl-Cididdə Bu Celud bağları və Kral Sarayı yerləşir. Fəsə Kasablankadan və ya Rabatdan qatarla getmək mümkündür. Köhnə Mədinəyə giriş Bu Celud Sultan qapısından keçir.


Mədinə, Fəsin ən qədim hissəsidir. Fəsin Mədinəsi orta əsrlərdə tikilmiş qala divarı ilə əhatə olunmuşdur. Köhnə şəhər bölgəsi 9000 dar, labirint kimi küçəsi ilə, Chouara dəri emalı yeri ilə dünyada şöhrətinə şöhrət qatıb. Hətta YUNESKO-nun Dünya Mirası siyahısına da daxil edilib. 


Mədinə ərazisi əl sənətləri ilə seçilən və gözoxşayan 40 məhəllədən və 9400 küçədən ibarətdir. Bura Mərakeşin ən mürəkkəb və qarışıq yerlərindən biridir və hətta yerli sakinlər belə bəzən evlərini tapmaqda çaşbaş qalırlar. Mədinə küçələrini saymaq demək olar ki, mümkün deyil, çünki onların sayı çoxdur. Onları təkbaşına gəzmək bütöv bir macəradır.


Mədinədə yeganə nəqliyyat vasitəsi – uzunqulaqlar və əl arabalarıdır. Başqa nəqliyyat vasitələri buradan keçmir.


Təəccüblüdür ki, 150 mindən çox insan Mədinənin qaranlıq, rütubətli evlərində yaşamağı seçir. Evlərin bəziləri otellərə çevrilib.