Frityof Nansen - Şimal qütbünü fəth edən tədqiqatçı
Norveçli alim Frityof Nansen (1861-1930) ilknövbədə qütb tədqiqatçısı kimi, eyni zamanda, Qrenlandiya üzərindən ilk xizək ilə keçən insan olaraq da tanınır. Nansen - zoologiya üzrə doktor, yeni bir elmin - fiziki okeanoqrafiyanın qurucusu, siyasi və ictimai xadim və diplomat, humanist, xeyriyyəçi, 1922-ci ildə Nobel Sülh Mükafatı laureatı kimi də tarixə düşmüşdür. Rusiya da daxil olmaqla bir çox ölkənin mükafatına layiq görülüb.
Ayın Şimal qütbündə bir krater daxil olmaqla, coğrafi və astronomik obyektlərə, Nansenin adı verilmişdir.
Arktikanın öyrənilməsində mühüm rol oynayan səyyah 1861-ci ildə Oslo şəhəri yaxınlığında anadan olmuşdur. Norveçin paytaxtı ətrafında uşaqlığını keçirən Nansenlər ailəsində varlı olsalar da sadə həyat tərzi hökm sürmüşdür. Sadə yemək, sadə geyinmək, idmanla məşğul olmaq onların gündəlik həyat tərzi olmuşdur. Nansen isə xizək sürmək və üzgüçülüyü daha çox sevirdi. Universiteti qurtardıqdan sonra ilk dəfə mədənlərə gəmidə üzməsi onda dənizə məhəbbət, yeni torpaqlar kəşf etmək arzusu yaratmışdır. Zoologiya elmləri doktoru adı almasına baxmayaraq, başqa alimlərdən fərqli olaraq kabinet alimi olmaqdan uzaqlaşaraq, dövründə keçilməz sayılan Qrenlandiyanı şərqdən qərbə qədər səyahət etmək üçün plan hazırlayır. 17 iyul 1888-ci il tarixində özü ilə birlikdə yeddi nəfərlə “Vikinq” adlanan gəmidə Üzən buzların arası ilə dünyanın ən böyük adası olan Qrenlandiyaya üzürlər. Avqustun 16-da adaya çatmaqla qərb istiqamətdə xizəklə hərəkət edərək oktyabrın əvvəllərində adanın qərb sahillərinə çatırlar. Qotxob kəndində qışlayan heyət 1889-cu il may ayının sonunda Norveçə qayıdır.
Bu ekspedisiya ilə buzlaqlardan ibarət olan adanın şərqindən qərbinə keçmənin mümkünlüyünü isbat etmiş oldular. Bu ekspedisiyanın nəticələri öz əksini Nansenin "Xizəklə Qrenlandiyadan" və "Eskimosların həyatı" əsərlərində tapmışdır. Birinci ekspedisiyajan sonra Nansendə qütbü əth etmək arzusu yaranır. Bu münasibətlə o yazır: " Mən əminəm ki, əgər biz təbiətin qüvvəsinə və onun özünəməxsus xüsusiyyətlərinə fikir versək, ona qarşı yox, eyni məqsəd üçün işləsək onda qütbə həqiqi və asan yolu taparıq." Görkəmli alim və tədqiqatçı qütbü fəth etmək məqsədilə Şimal Buzlu okepnında axın istiqamətini öyrənməklə belə qərara gəlir ki, onun istiqaməti Sibir sahillərində qütbə doğrudur. Bunu nəzərə alaraq Nansen "Fram" (Irəli) gəmisində buzlarla birlikdə qütbə üzməyi qərara alır. 1893-cü ildə o, "Fram" gəmisində Norveç, Barens, Kara dənizlərini keçməklə Laptevlər dənizinə daxil olur, lakin Novosibirsk adalarının şimalında buzlaqlar arasında donaraq qalır. Gəminin buz sıxılmalarına dözümlü olması üçün dib hissəsi oval düzəldilmişdir. Üç qat tikişdən palıd ağacından olan yan hissələrin qalınlığı 1 m, uzunluğu 39 m, eni isə 11 m idi. Gəminin quruluşu və böyüklüyü elə dəqiqliklə nəzərə alınmışdır ki, özündən əvvəlki gəmilərdən dəfələrlə qütbə səyahət etmək üçün etibarlı idi. Gəminin ilk dözümlülük sınağı Nansen tərəfindən belə təsvir olunur: "Qulaqbatırıcı səs eşidildi, "Fram" bütövlükdə titrədi. Bu buzların ilk sıxması idi. Hamı göyərtəyə qaçdı, "Fram" mən gözlədiyim kimi əla tabb gətirdi. Buz fasiləsiz yaxınlaşsa da gəminin alt hissəsi oval olduğundan dibə yenir, gəmi isə tədricən yuxarı qalxırdı."
Qütb gecələrinin başlaması gəminin birinci qışlamasına səbəb olur. Yayda xizəklə qütbü fəth etməyə çalışsa da mümkün olmur və heyət ikinci dəfə qışlamağa məcbur olur. 14 mart 1895-ci ildə gəmini tərk etməklə qütbü fəth etməyə çalışan Nansen bunun mümkün olmadığını görərək geri qayıtmağı üstün tutur. 1896-cı ilin iyulunda o, Frans-Iosif torpağının cənub qurtaracağına çatır. Burada Nansen ekspedisiyada olan ingilis Ceksonla təsadüfən görüşür. Cekson tərəfindən səmimiyyətlə qarşılanan səyyah bir aydan sonra gəmi ilə vətənə çatdırılır, bir həftədən sonra isə "Fram" gəmisi sağ-salamat geri qayıdır. Ekspedisiyanın elmi nəticələri nədən ibarət olur. Mərkəzi Arktikada 3000 m-dən dərin dənizin olması müəyyən edildi, yuxarı enliklərin iqlimi, Şimal Buzlu okeanın sularının hərəkət istiqaməti mü əyyənləşdirildi, fauna və florası öyrənildi. Bunlarla yanaşı mühüm kəşflərdən biri də 200–800 m dərinlikdə Atlantik okeanından Şimal Buzlu okeana isti suların daxil olduğu müəyyən edildi.
Nansen 13 may 1930-cu ildə Oslo yaxınlığındakı Lusakerdə vəfat etdi.
21.05.2021