
Qədim insanlar nə ilə silahlanır və özünü necə müdafiə edirdi? Heç fikirləşmədən ağılınıza təbiətin təmin etdiyi daş və dəyənəklər gələcək. Zaman keçdikcə insanlar heyvanları ovlamaq üçün quyu qazaraq tələ düzəltməyi, vəhşi heyvanlardan və düşmən qəbilələrinin qəfil hücumlarından qorunmaq üçün qayalarda və ya ağaclarda məskən salmağı öyrəndilər.
Daha sonra onlar ağac parçasının ucunu itiləyərək ilk nizə, çubuğu əyib uclarını möhkəm iplə bərkidərək yay, daşları daha uzağa atmaq üçün dəri kəməri ikiyə qatlayaraq sapand düzəltdilər. Bu minvalla hücum və müdafiə olunmaq üçün vasitələr düzəldərkən insanlar daha çox təcrübə əldə etdilər.
Orta əsrlərdə geniş istifadə olunan daha bir maraqlı kəşf - arbalet bir çox göstəricilərinə görə yayı üstələyirdi. Oxu daha uzağa atan arbaletin mexaniki hissələrə görə istifadəsi daha rahat və sadə idi. Yalnız atəş tezliyinə görə yaydan geri qalırdı.
Bu qorxunc silah 2500 il əvvəl ixtira olunsa da, XI əsrdə daha geniş tətbiq olunmağa başladı. Bundan sonra 500 il ərzində arbalet əsas müdafiə silahı olmaqda davam etdi. Odlu silahın yaranmasına qədər ondan qəsrlərin və gəmilərin müdafiəsində effektli şəkildə istifadə olunurdu.
Əsrlər boyu insanlar tərəfindən istifadə olunan silahların bəziləri hazırda sadə görünür. Lakin qədim şəkillərə baxdıqca texnikanın nailiyyətlərinin tədricən hərbi sahəyə necə daxil olduğunu izləmək olar.
Barıtın kəşf olunması isə hərbi sənayedə demək olar ki, inqilab yaratdı. Silahlar xarici görünüşünü və göstəricilərini elə sürətlə dəyişməyə başladı ki, bir neçə yüzillik ərzində insanlar hərbi əməliyyatların aparılmasının tamamilə yeni üsullarına keçdilər.
19.09.2014