Gülşən Orucova. Əbədi məşəl
Əhmədin babası Digah kəndində yaşayır. Bu kənd Bakının yaxınlığındadır. Balaca Əhməd tez-tez babasıgilə qonaq gəlir. Bir dəfə babası onu yaxındakı təpələrə gəzməyə apardı. Onlar “Yanardağ” deyilən yerə gəlib çıxdılar.
Burada yerdən alov çıxırdı.
Bunu görən Əhməd babasından soruşdu:
– Baba, bu yeri kim yandırıb?
Baba gülümsədi:
– Heç kim, bala. Yerin altından çıxan qaz öz-özünə alışıb yanır. Elə buna görə də Azərbaycana “Odlar yurdu” deyirlər.
Əhməd bir az düşünüb dedi
– Baba, atam məni Şəhidlər xiyabanına aparmışdı. Mən orada da alov gördüm. Oradan da qaz çıxır?
– Oğlum, o məşəl Vətən uğrunda həlak olanların xatirəsinə alovlanır. Əbədi məşəli insanlar heç vaxt sönməyə qoymurlar. Onun həmişə yanması qəhrəmanlarımızın xatirəsinin yaddaşlarda daim yaşamasına işarədir.
19.01.2021