Antoni van Levenhuk
Antoni van Levenhuk (1632-1723) - elmi mikroskopiyanın – mikrobiologiyanın əsasını qoymuş, öz mikroskopu vasitəsi ilə bir çox canlıların müxtəlif strukturlarını öyrənmiş Holland təbiətşünasıdır. O, 1680-ci ildən London Kral Cəmiyyətinin üzvü olmuşdur.
Gənc yaşlarında Levenhuk atası və babası kimi yun alveri ilə məşğul olurdu. Lakin Levenhukun elmi axtarışları olmasaydı, bu gün adi bir taciri heç kim yada salmazdı. Levenhuk insanlara məlum olmayan, lakin təbiətdə və insan həyatında mühüm rol oynayan canlı aləmi – mikroorqanizmləri kəşf etdi. Hollandiyalı yun alverçisinin kəşfləri Avropanın məşhur alimlərinin marağına səbəb oldu. London Kral Cəmiyyətinin (İngiltərə Elmlər Akademiyası), üzvləri dahi İsaak Nyutonun özü və məşhur fizik Robert Boyl Levenhukun məlumatlarına diqqətlə qulaq asırdılar. Əvvəllər də gözlə görünməyən və təhlükəli yoluxucu xəstəliklərə səbəb olan sadə varlıqların mövcudluğu haqqında fikirlər söylənmişdi. Lakin Levenhuk mikrobları gözlə görən ilk alim idi. Əlbəttə bu, hələ mikroskop deyildi. Bir neçə linzadan ibarət olan mürəkkəb cihazlar-mikroskoplar sonralar kəşf edilmişdi. Levenhukun “mikroskop” u isə əslində 300 dəfə böyüdə bilən çox güclü lupa idi.
Levenhuk 1665-ci ildə dərc olunmuş Robert Hukun "Mikroqrafiya" (ing. Micrographia) əsərini oxuduqdan sonra, onda ətraf mühitin linza vasitəsilə öyrənilməsinə maraq yaranmış, italyan bioloq-həkimi Marçello Malpigi ilə birlikdə zooloji tədqiqatlarda mikroskopdan istifadə etməyə başlamışlar. O, hər gün boş vaxtlarında yaşadığı evin arxa otağında oturub qapını bağlayırdı ki, heç kəs ona mane olmasın. Burada o, böyüdücü şüşələri – linzaları cilalayır və onların köməyi ilə ağac qabığına, bitkilərin yarpaqlarına baxırdı. Bir gün qabarıq linzanın altında gölməçədən götürülmüş bir yağış damcısına baxarkən onun qarşısında bütöv bir canlı aləm açıldı. Burada – kiçik bir damcıda külli miqdarda xırda “heyvanlar” yaşayırdı. Bəziləri dəyirmi, bəzilər isə vintşəkilli idi. Levenhuk gördüklərinin hamısını ətraflı surətdə təsvir etdi və dəqiq şəkillərini çəkdi. Həyatı boyu o, 300 dəfə böyüdücülük qabiliyyətinə malik 250 linza hazırlamışdır. Levenhuk öz hazırladığı linzaları metal eynəkliklərə quraşdıraraq dövrünün ən müasir mikroskopunu yaratmış və onun köməyi ilə bir sıra kəşflər etmişdir.
Anton van Levenhuk nəzəri savada malik olmasa da böyük praktik təcrübəyə malik olmuşdur. Latın dilini bilməməsi ucbatından öz təcrübə və tədqiqatlarını elmi şəkildə təbliğ edə bilməmişdir. Buna görə də 1673-cü ilə kimi dünya onun işlərindən tam xəbərsiz olmuşdur. 1673-cü ilin aprel ayında London Kral Cəmiyyətinin üzvü Delftli Reyner De Graaf Levenhukun yaratmış olduğu mikroskop haqqında ilk məlumat vermişdir. Bu vaxtdan etibarən Levenhuk öz işlərini London Kral Cəmiyyətinə göndərmək imkanı əldə edir. O, Britaniya kraliçası Anna, rus çarı I Pyotr ilə görüşmək imkanı əldə edir.
Anton van Levenhuk həddən ziyadə səbrli və səliqəli müşahidə qabiliyyətinə malik olmuşdur. O, öz mikroskopu vasitəsi ilə insan tükündən tutmuş, yağış damcısı və kiçik həşəratları; əzələ liflərini, dəri fraqmentlərini belə müşahidə etmişdir. Levenhuk bütün müşahidələrini ardıcıllıqla yazıya köçürmüş və onların səliqəli təsvirlərini çəkərək göstərmişdir. O, bu müşahidələrini məktub vasitəsi ilə London Kral Cəmiyyətinə və bir çox alimlərə göndərmişdir. 1673-cü ildə Levenhuk tam təhsilinin olmamağına və holland dilindən başqa heç bir dil (xüsusən də ingilis) bilməməsinə baxmayaraq inadkarlıqla London Kral Cəmiyyətinə öz tədqiqatları haqqında məktubla məlumatlar göndərmişdir. Lakin, onun bu tədqiqatlarına şübhə ilə yanaşıldığından Qrü Neemiyanın başçılığı altında bir qrup alim Delftə gələrək işlərlə yerində tanış olurlar. Nəhayət, Levenhuk 8 fevral 1680-cı ildə "London Kral Cəmiyyətinə" üzv və sonradan "Paris Elmlər Akademiyası"nın müxbir üzvü seçilmiş olur.
O, ilk olaraq spermatozoid (1677) və eritrositləri aşkar etmiş və onların təsvirini vermişdir. O, özü-özünə törəmə nəzəriyyəsini saysız sübutlarla inkar etmişdir. O, göstərmişdir ki, bitlər də digər həşəratlar kimi çoxalma qabiliyyətlidirlər. Levenhuk bəşər tarixində ilk konstruktiv kəşf sayılan bakteriyanı (1674) aşkar etmiş, sadə su damcısından bu kiçik canlıların böyük bir aləmini üzə çıxartmışdır. O, ilk dəfə olaraq üç bakteriya formasını: basill, kokk və spiraxetaları müəyyən etmişdir.
Antoni van Levenhuk 1723-cü ildə vəfat edir. O, Delfin qədim kilsəsində dəfn edilib.
16.01.2021