Təbiət

Avstraliyanın bənzərsiz faunası

Avstraliya beşinci qitə adını alan Okeaniyanın ən böyük adasıdır. Bənzərsiz və nadir faunaya malik Avstraliya xüsusən kisəlilər və rəngbərəng quşlarla zəngindir. Sizə onların bəziləri haqqında məlumat vermək istəyirik. 
 
Kuzu
Kisəli heyvan olan kuzu gecə həyatı sürür və əsasən ağaclarda yaşayır. Meymunlar kimi onun da ağacların budaqlarından tuta bilən güclü quyruğu var. Ağacların yarpaqları, çiçəkləri və qabıqları ilə qidalansa da, quş yumurtalarından da imtina etmir. Bu heyvanlar çox vaxt insanlara yaxın yerlərdə, bəzən çoxsaylı koloniyalar halında yaşayır.
 
Yexidna
İlk baxışdan yexidnanı kirpiyə oxşatmaq olar. Əslində isə o, kirpidən çox fərqlənir. Yexidnanın balası da kisədə böyüyür. İti iynələrinin sayəsində yexidnanın düşməni, demək olar, yoxdur. Yalnız aborigenlər arada onları ovlayıb ətindən istifadə edirlər.
 
Vombat
Vombat Avstraliyanın cənub rayonlarında yaşayır. Özü üçün dərin, çoxşaxəli yuva qazır. Bitki kökləri, yarpaqlar və göbələklərlə qidalanır.
 
Kisəli şeytan
Kisəli şeytan yalnız Tasmaniyada yayılıb. Onu bəzən Tasmaniya canavarı da adlandırırlar. Bu yırtıcı gününü kolluqda keçirir, gecələr isə ova çıxır. Döyüşməyi çox sevən bu heyvan özündən güclü düşməndən belə çəkinmir, hətta itləri də üstələyir. Kiçik olarkən tez əhilləşir və insana bağlanır.
 
Kisəli canavar və ya tilasin
Kisəli canavar haqqında çox az məlumat var. Ona əvvəllər bütün Avstraliya qitəsi boyu təsadüf etmək mümkün idi. Lakin XX əsrin əvvəllərində qitədə nəsli kəsilməkdə olan kisəli canavar yalnız Tasmaniyada qalsa da, 40-cı illərin əvvəllərində burada da tamamilə məhv edilmişlər.
 
Kenquru
Onu xarici görkəminə görə heç bir heyvanla səhv sala bilməzsən. Qabaq ayaqları qısa, arxa ayaqları isə əksinə, çox uzundur və tullanmaq üçün uyğunlaşıb. Quyruğu uzun və qüvvətlidir. Kenqurunun növləri çoxdur. Bəziləri geniş düzənlik sahələrində, digərləri ağaclar altındakı kolluqlarda, üçüncüləri isə rütubətli zonalarda yaşayır. Onlardan ən məşhuru kürən (sarı) kenqurudur. Sürü halında düzənliklərdə yaşadıqlarından və insanlardan çəkinmədiklərinə görə zooloqlar tərəfindən asanlıqla tədqiq olunublar. Kenqurunun uzun və iri qulaqları var. Bu da ona ən zəif səsləri belə eşitməyə imkan yaradır. Ağac kenqurusu kürən kenquruların ən kiçiyidir. O, meşələrdə və adətən ağaclarda yaşayır.
 
Ördəkburun
Məməlilər sinfinə mənsub ördəkburun enli və yastı dimdiyə malikdir. Dişləri olmasa da, dilində qidanın parçalanmasına xidmət edən iki buynuzvari çıxıntı var. Ördəkburun onun vasitəsi ilə qidanı dimdiyinin yuxarı hissəsinə sürtərək parçalayır. Ördəkburun yuvasını adətən yaşadığı su mənbələrinin sahilində qazır. Bədəni suda yaşamağa çox gözəl uyğunlaşsa da, quruda çətinliklə yeriyir. Səhərin erkən saatlarında və axşam qaranlığında yuvasından çıxır və ən çoxu bir saat kiçik su heyvanları – sürfələr, soxulcanlar, kiçik balıq və xərçənglərlə qidalanır.
 
Koala
Kisəli ayıya çox bənzəyən koala təxminən 15 kiloqram ağırlığında olur. Bədəni boz xəzlə örtülüdür. Sinəsində tüklərin rəngi nisbətən açıqdır. İti caynaqlı qabaq pəncələri sayəsində ağaclara məharətlə dırmana bilir. Vaxtının böyük əksəriyyətini ağaclarda keçirir və yerə nadir hallarda düşür. Koalaları evkalipt meşələri ilə zəngin olan Avstraliyanın şərq hissəsində görmək olar. O, hər gün təxminən bir kiloqram evkalipt yarpağı yeyir. Xarici görünüşünə görə kök görünsə də, çox cəlddir və budaqdan-budağa, ağacdan-ağaca məharətlə tullanır.
 
Taclı göyərçin
O, Yeni Qvineyanın nadır quşlarından biridir. Mavi rəngli bu göyərçinin başında keçmiş əsrlərdə insanlar tərəfindən bəzək əşyası kimi geniş istifadə olunan lələklərdən ibarət tac ucalır.
 
Qara qu quşu
Qara qu quşu olduqca gözəldir. Parlaq qara lələkləri, ağ ucluqlu qırmızı dimdiyi və qanadlarının uclarının ağ rəngi ona xüsusi cazibə verir. Bu quşları əsasən parkları bəzəmək üçün çoxaldırlar.
 
Cənnət quşu
Cənnət quşlarını xüsusən xoruzları möhtəşəm, gözəl lələklər bəzəyir. Onlar dişilərdən ayrı yaşayır və yalnız cütləşmə mövsümündə onlarla görüşürlər. Okeaniyada cənnət quşlarının bir çox növləri yaşayır. Onlar biri-birindən rənglərinin parlaqlığı və qeyri-adi lələkləri ilə fərqlənirlər.
 
Kakadu
Sarı kəkilli kakadu qərb ölkələrində ev quşu kimi də tanınan Avstraliya tutuquşusudur. Ünsiyyəti çox sevən bu quş çoxsaylı dəstələr halında yaşayır. Qida axtarışı ilə hər gün kilometrlərlə məsafə qət etsə də, yuvasını çətinlik çəkmədən tapa bilir. Ünsiyyəti sevməsinə baxmayaraq, yuvasına təhlükə yarada biləcək hər hansı bir heyvana tərəddüd etmədən hücum çəkir. Adətən kakadu öz yuvasını yerdən bir neçə metr hündürlükdə, ağacların koğuşunda qurur. Əhilləşdirilmiş kakadu uzun ömür sürərək bəzən 100 ildən artıq yaşayır.
 
Kivi
Çox uzun dimdikli bu quş Yeni Zelandiyanın simvoluna çevrilib. Onun qanadları həddən artıq kiçik olduğundan kivi uçmağı bacarmır.
 
Kea
Kea tipik Yeni Zelandiya tutuquşusudur. Gözəl lələkləri metal çalarlı yaşıl rəngdədir. Qısa quyruğu var. Kea tutuquşusu öz adını çıxardığı xarakterik uzun “ke-e-a” səsinə görə alıb.
 
Emu
O, boyu 2 metrə çatan Avstraliya dəvəquşusudur. Emular qida və su axtarışı ilə daim hərəkətdə olan sürülər halında yaşayırlar. Emunun yumurtası böyük və yaşıl rəngdə olur. Yumurtaların üstündə yalnız xoruz yatır.
 
Pələng köpəkbalığı
Yeni Zelandiya dənizlərində yaşayan heyvanat aləminin bu növü ilə rastlaşmamaq daha yaxşı olar. Uzunluğu bəzən doqquz metrə qədər çatan bu köpəkbalığı zolaqlarına görə pələngi xatırladır. Çox vaxt dənizin dayaz yerlərində və çayların mənsəbində üzür. Buna görə də insanlar üçün belə həddən artıq təhlükə yaradır. Çox qarınqulu olan pələng köpəkbalığı bəzən timsahlara belə hücum etməkdən çəkinmir.