Xəbərlər

Proqramlaşdırma və riyaziyyat üzrə şagirdlərin yarışına start verilir

Dekabrın 25-də “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində proqramlaşdırma və riyaziyyat üzrə 8-15 yaşarası şagirdlər üçün “Qış onlayn yarışı”na start veriləcək.

 

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yarış Yeni il ərəfəsində şagirdlərin asudə vaxtlarını səmərəli və əyləncəli keçirməsi, eyni zamanda, onların proqramlaşdırma və riyaziyyat üzrə bacarıqlarının təkmilləşdirilməsi məqsədi daşıyır.

 

Yarışın süjetinə əsasən, iştirakçılar dekabrın 31-dək qarşıdan gələn Yeni ili xilas etməlidirlər. Bunun üçün onlara verilən tapşırıqları düzgün yerinə yetirməlidirlər. Yarışda şagirdlər sinif yoldaşları ilə birgə 3-6 nəfərdən ibarət komanda yaradaraq iştirak edə bilərlər. İştirak üçün http://questreg.algoritmika.az/ keçidi vasitəsilə platformadan qeydiyyatdan keçmək lazımdır.

 

Qaliblərə hədiyyələr iki - beynəlxalq və yerli nominasiyalar üzrə təqdim olunacaq.

 

Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsi 2017-2018-ci tədris ilindən etibarən Təhsil Nazirliyi və "Alqoritmika" beynəlxalq təhsil şirkəti tərəfindən həyata keçirilir. Layihə hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Biləsuvar, Şamaxı, Lənkəran, Şirvan və Şəki üzrə 222 məktəbi, 120 mindən çox şagirdi əhatə edir.