Təbiət

“Ət yeyən quş dimdiyindən bəllidir”

“Ət yeyən quş dimdiyindən bəllidir”. Bu atalar sözünü yəqin ki eşitmisiz. Belə çıxır ki, quşun nə ilə qidalandığını dimdiyinə baxıb müəyyənləşdirmək olar? 
 
Demək olar, bütün quşlar qidanı dimdikləri ilə götürür. Quşların rasionu müxtəlif olduğundan, qidanı da müxtəlif yollarla əldə edirlər. Buna görə də quşların dimdikləri biri-birindən fərqlənir.
 
Yırtıcı quşların dimdikləri iri, qarmaqvari və iti olur. Məsələn qartal, quzğun, şahin, qızılquşda olduğu kimi. Belə dimdik onlara iri şikarları ovlamağa, həmçinin ovun ətini didib parçalamağa imkan verir.
 
Leyləyin, su çulluğunun uzun dimdiyi isə qidanı yerdən götürməyə və ya sudan çıxarmağa daha çox uyğunlaşıb. Bundan başqa bəzi tropik quşlar da uzun dimdiyə malik olur. Onlara ağac meyvələri ilə qidalanan tukanlar, kərgədan quşları və başqaları aiddir. Çiçək nektarı ilə qidalanan balsovuran və kolibrinin də uzun dimdiyi var.
 
Otlarla və onların kökləri ilə qidalanan bəzi quşların dimdiyi dişli, qidanı suyun altında, lilin içində axtaran quşların dimdiyi isə yastı olur. Deməli, dimdiklər cürbəcürdür: uzun, qısa, enli, yastı, xaçvari, kəsişən, qarmaqvari, bəzən də dişli. Quşlar dimdikləri ilə qidanı tutur, parçalayır, xırdalayır və udurlar. Qidalanmaqdan savayı, dimdik quşlara lələklərini təmizləmək, civildəmək, gıcırdatmaq və gözəl nəğmələr oxumaq üçün də lazımdır.