Uşaq bilik portalının keçirdiyi “Qarabağ Azərbaycandır!” adlı yarışmanın qalibləri mükafatlandırılıb
Uşaq Bilik Portalının instagramda “Qarabağ Azərbaycandır!” adlı keçirdiyi yarışmanın qalibləri, Laçın rayonunun işğaldan azad olunduğu gündə mükafatlandırılıb.
Yarışmanın məqsədi müharibə zamanı ağır döyüşlərdə böyük şücaətlər göstərən, xalqımıza hər gün zəfər sevincini yaşadan, məğrur, yenilməz Azərbaycan ordusuna dəstək olmaq, döyüş əzminə güc qatmaq, vətənpərvərliyin təbliğidir.
Yarışmada Azərbaycanın şəhər və rayonlarından müxtəlif yaş qrupunda olan uşaqlar iştirak ediblər.
Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb. Birinci yerə Cavadbəyova Əsma, ikinci yerə Firidunova Əsmər, üçüncü yerə Axunova Nəzrin layiq görülüb. Müsabiqənin xüsusi mükafatı müəllifi olduğu şeirə görə Mansurov İsaya təqdim olunub. Balaca şairin şeirini sizlərə təqdim edirik.
Sən qalib gələcəksən!
Azərbaycan! Canım vətən!
Bir gün keçməz ayrı səndən!
Bütün dünya bilir ki, sən
Qəlbimizdə bir atəşsən.
Atəşinlə ilhamlanıb,
Tarixinlə alovlanıb,
Sevgi ilə silahlanıb,
Sən qalib gələcəksən!
Yaşadacaq dillər səni
Danışacaq ellər səni
Oxşayacaq güllər səni
Sən qalib gələcəksən!
Ucalacaq çinarların, söyüdlərin
Döyüşən igidlərin
Son sözüdür şəhidlərin
Sən qalib gələcəksən!
Müəllif: İsa Mansurov
01.12.2020