
Demək olmaz ki, bütün gəmiricilər özlərinin “şikar” rolu ilə barışıblar. Onlardan bəziləri yırtıcılardan tikanları vasitəsi ilə qorunur. Siçan və kəsəyənlərin elə tikanlı növlər var ki, kirpidən heç də geri qalmırlar.
Cənubi Amerika gəmiricilər ailəsinə mənsub müxtəlif növlərlə zəngindir. Onların arasında dəniz donuzunun uzaq qohumu olan tikanlı kəsəyənlərə də rast gəlmək olar. Onların tikanları bədənlərinin üzərinə yatıb. Lakin Afrika və Ərəbistanın quraqlıq vilayətlərində yaşayan iynəli siçanın tikanları hər tərəfə saçılır. Buna baxmayaraq bu siçan bir çox canlı guşənin istəkli sakinidir.
Amerikada yaşayan ağac oxatan kirpisinin bədəni başından tutmuş, quyruğunun ucunadək qısa, lakin sərt və iti tikanlarla doludur. Kirpinin uzun tükləri altında gizlənən bu iynələr kənardan görünmür. Lakin kirpiyə bircə toxunuş kifayətdir ki, göynədən onlarla iynə yarası alasan. Oxatan kirpini ovlamağa çalışan yırtıcının ağzına çoxlu sayda iynə batır və o, bundan bütün həyatı boyu bəs edəcək xoşagəlməz bir dərs alır.

Əgər düşməndən qorunmaq üçün iynəli “zireh” yoxdursa, fəlakət deyil. Təqibdən yaxa qurtarmağın digər müxtəlif üsulları mövcuddur. Məsələn, Hindiçin yarımadasının tropik meşələrində “canlı planerlər” -
uçan gəmiricilər məskən salıb. Bu gəmiricilərin yan tərəflərində, xüsusi dəri qatı var və bir budaqdan digərinə tullanarkən həmin dəri qatı açılır və onun köməyi ilə gəmirici sıx meşəliklərin, dərələrin üzərində 5-7 dəqiqə süzə bilir.
Səhraların sakini olan adadovşanı, eləcə də Afrika uzunayağı düşməndən qorunmaq üçün həddən artıq uzun arxa ayaqlarına güvənir. İri adadovşanı az qala 3 metrə qədər tullanaraq, saatda 40-50 kilometrə qədər sürət yığa bilir. Özü də təqib olunarkən düz xətt boyunca deyil, ziqzaqvarı trayektoriya ilə qaçır. Bu zaman adadovşanının uzun quyruğu nəinki müvazinəti saxlamağa imkan verir, hətta təqibçini yanıltmaq funksiyasını yerinə yetirir. Belə ki, adadovşanı qaçış zamanı istiqamətini kəskin şəkildə dəyişərkən quyruğu əks tərəfə yönəlir. Təqibçi quyruğun ucunda nəzəri cəlb edən ağ ucluğa tərəf şığıyır və nəticədə şikar canını qurtarmaq üçün əlavə şans qazanır.
26.08.2014