Sürünənlər sinfinə aid edilən timsah suda və su mənbələrinin yaxınlığında yaşayan, yaxud su içməyə gələn heyvanlarla qidalanır. Belə hesab edirlər ki, timsahların yaşı 250 milyon il bundan əvvələ, trias dövrünə gedib çıxır.
Timsahlara bütün tropik ölkələrdə, şirin su hövzələrində rast gəlmək olar. Bəzi timsahlar duzlu sularda da özünü pis hiss etmir və dəniz sahillərinə qədər gəlib çıxır. Bunlara Nil timsahını misal göstərmək olar.
Həyatlarının əksər hissəsini suda keçirsələr də, yumurtalarını quruda qoyurlar. Timsahlar yumurtadan təzəcə çıxmış balalarını ağızlarında aparıb suya buraxırlar.
İri timsahlar bir saata yaxın suyun altında qala bilir. Günün ən isti saatlarında ağızlarını geniş açaraq sahildə uzanırlar. Bədənlərində tər vəziləri olmadığından, timsahlar da itlər kimi bu yolla sərinləyirlər.

Kiçik timsahlar əsasən balıqla, həmçinin müxtəlif quş və həşəratlarla qidalanır. İri heyvanları ovlamaq üçün isə güc və səriştə tələb olunur. Şikarı əvvəlcə tutmaq, sürüyüb suya salmaq, nəhayət bir müddət su altında saxlayıb boğmaq lazım gəlir. Timsahlara dişləri qidanı çeynəmək üçün deyil, ovu yaxalamaq və ət parçalarını qoparmaq üçün lazımdır.
Qorxunc yırtıcı olmasına baxmayaraq timsahların da düşmənləri var. Onlar timsah yumurtaları ilə qidalanan heyvanlardır. İri kərtənkələ - varan - yuvanın qarşısında keşik çəkən dişi timsahın fikrini yayındırmaq üçün ətrafındakı qumu inanılmaz sürətlə qazmağa başlayır. Sonra isə yumurtanı oğurlayıb uzaqlara çəkilir.
Osborn kaymanı ən kiçik timsahdır. Onun uzunluğu 120 santimetrdən çox olmur. Timsahın qulaqları, burnu və gözləri üzərkən suyun üzərində qalsın deyə, başının yuxarı hissəsində yerləşir.
13.08.2014