Təbiət

İti dişli qunduz

Qunduz gəmiricilər fəsiləsinə aiddir. Çəkisi 30 kiloqramadək, uzunluğu isə quyruğu ilə birgə 1 metrədək ola bilir. Sürü halında dağ çayları yaxınlığında yaşayır. Yaxşı üzür və suyun dərinliyinə baş vura bilir.
 
Dərisinin qəhvəyi rəngin üstünlük təşkil etdiyi çox sıx tüklərlə örtülməsi qunduzun bədənini islanmaqdan qoruyur. Bu gəmiricilər əsasən ağac qabığı, həmçinin qamış, gicitkən və ağacların cavan pöhrələri ilə qidalanır.
 
Qunduz yuvasını torpaqda qazsa da, balalarını yırtıcılardan qorumaq üçün yuvanın girişini suyun altından qoyur. Yuvanı o qədər geniş qazır ki, həm ailəsinə, həm də qış üçün yığılmış azuqəyə kifayət etsin.
 
Qunduza əsasən Şimalı Amerikanın və Rusiyanın, bəzi hallarda isə Qərbi Avropanın meşələrində, çayların və göllərin sahilində rast gəlmək olar. Yerdə gəzərkən qaba görünən bu gəmirici suda hərəkət edən zaman həddən artıq cəld tərpənir. Həyatının çox hissəsini suda keçirir. Çayda su azalanda ağacları aşırır, çayın qabağını kəsərək bənd düzəldir.
 
Suda özünü çox sərbəst hiss edən qunduz üzərkən başını qaldırmadan eşidə, görə və nəfəs ala bilir.
 
Onun uzun və iti, sarı-narıncı 4 kəsici dişi var. Çənə əzələləri o qədər qüvvətlidir ki, 100 kiloqram ağırlığında təzyiq yarada bilir. Bu kəsici vasitələr qunduza ağacları aşırmaq, qidalandığı ağac qabıqlarını soymaq üçün gərəkdir.