Təbiət

Gecə həyatı sürən yenot

Yenot şəraitə tez alışan heyvandır. Onlar da bəzi heyvanlar, xüsusən də quşlar kimi insanların məskunlaşdığı yerlərin yaxınlığında yaşamağa, yemək tullantıları ilə də qidalanmağa alışıblar. Gecə həyatı sürən yenotu tez-tez zibil qutularında eşələnən zaman görmək olar. Təbiətdə isə o, əsasən suda yaşayan xırda heyvanlarla qidalanır. Yenot öz şikarını suyun dayaz yerlərinin dibini ön pəncələri ilə eşərək tutur. Quruda isə torpaqda eşələnərək soxulcan, sürfə və müxtəlif həşəratları axtarır. Payız yaxınlaşdıqca yenot öz rasionuna meyvə və giləmeyvə də qatır. Meşələrdəki enliyarpaq ağaclarda isə o, özünə nəinki yem, həm də yırtıcı heyvanlardan qorunmaq üçün sığınacaq tapır.
 
Maraqlıdır ki, heyvanxanalarda saxlanan yenotlarlar onlara verilən qidanı yeməzdən qabaq mütləq suda yuyurlar. Çünki onlar təbiət qoynunda tutduqları şikarın üzərindəki qumu və başqa çirkabı yumağa alışıblar. 
 
Yenotun balaları ağac koğuşundakı, çox vaxt həddən artıq hündürlükdə yerləşən yuvalarda doğulur. Beş-altı aydan sonra müstəqil həyat sürməyə başlayır.
 
Dişi yenot təxminən üç aylıq balalarını yanı ilə gəzdirir və onları heç vaxt nəzarətsiz qoymur.