Təbiət

Sürətli və iti gözlü - Dəvəquşu

Bu quşun çəkisi 130 kiloqramdan, hündürlüyü isə uzun boynu ilə birgə iki metrdən çoxdur. Yer üzündə mövcud olan quşların ən irisi olsa da, yaşadığı ətraf mühitə tamamilə uyğunlaşa bilib. Boynunun uzun olması və əla görmə qabiliyyəti dəvəquşuna təhlükəni uzaqdan görməyə imkan verir. Uzun ayaqlarının sayəsində saatda 70 kilometr sürətlə qaça bilir və bu da ona vəhşi heyvanlardan canını qurtarmağa kömək edir.
 
Dəvəquşu ətrafı uzaqdan müşahidə edə bildiyi və qaçmaq üçün heç bir maneənin olmadığı açıq sahələrdə yaşamağa üstünlük verir.
 
Bu quşlar tək deyil, dəstə halında yaşayırlar. Dəstə yem axtararkən həmişə ən azı bir dəvəquşu qarovul çəkir və ətrafı müşahidə edir.
 
Dəvəquşunun gözləri həm Afrikanın günəşindən, həm də küləyin qaldırdığı tozdan qorunmaq üçün uzun kirpiklərlə əhatələnib. O, öz yuvasını kiçik yarğanlarda, qumun içində quraraq üstünü yumşaq bir şeylə örtür.
 
Dişi dəvəquşu yuvaya 3-8 yumurta qoyur və ailənin hər iki üzvü növbə ilə bu yumurtaların üstündə yatır. Dişi quşun rəngi boz olduğundan ətrafdakı qumlardan bir o qədər də seçilmir. Bu səbəbdən o, yumurtalarının üstündə gündüz yatır. Qara lələklərin çoxluq təşkil etdiyi xoruz isə bu işlə gecələr məşğul olur.
 
Bu nəhəng quşun yumurtası da nəhəngdir. Bəzən çəkisi 1,5 kiloqrama çatan cücə çox sərt qabıqlı yumurtadan çıxmaq üçün bütün günü əlləşməli olur.
 
Dəvəquşunun dimdiyi çox qısa, yastı və sərtdir. Otları və bitkiləri kökündən qazıb çıxarmaq, həşəratları, kiçik məməliləri və ilanları tutub yemək üçün çox münasibdir.