
O, bizim yanımızdadır, biz isə onu görmürük. O, bizə toxunur, biz isə onu tuta bilmirik. Bəziləri onu tərifləyir, “Yerin nəfəsi” adlandırır, digərləri isə pisləyir, “şeytanın rəqsi”, yaxud ”dəmir ilan” adlandırırlar. Halbuki söhbət eyni təbiət hadisəsindən – küləkdən gedir.
Külək gözə görünmür, çünki tərkibi qazlardan ibarətdir. Küləkdə molekullar suda və ya dəmirdə olduğu kimi bir-biri ilə möhkəm bağlı deyil. Buna baxmayaraq, küləyin sıxlığı və ağırlığı var! Əgər doldurulmuş və boşaldılmış hava şarlarını tərəzidə çəksək, birincinin ikincidən ağır olduğunu görərik. Yerin atmosferini ölçmək mümkün olsaydı, 5 kvadrilyon kütlə alınardı. Bu, belə bir həcm üçün bir o qədər də çox deyil. Planetimiz milyonlarla dəfə ağırdır. Amma hər halda atmosfer Yerə və hər bir insana əməlli-başlı təzyiq edir. Başımızın və çiyinlərimizin üstündə təqribən 250 kiloqram hava gəzdiririk. Hər tərəfdən hava ilə əhatə olunduğumuz üçün bədənimizə 10-15 ton, yəni bir yük maşını qədər ağırlıq təsir göstərir! Xoşbəxtlikdən, insanın daxilində də qazlar var. Bu qazlar daxildən təzyiq göstərir. Buna görə də hava kütləsi “əzib suyumuzu çıxarmır”.

Hava qızanda, molekullar fəal hərəkət etməyə, toqquşmağa və bir-birini itələməyə başlayır. İsti hava soyuq hava qədər sıx deyil, yüngül olduğu üçün yuxarı qalxmağa başlayır, aşağıdakı boşluğa isə soyuq, sıx və ağır hava dolur. Hava təkcə yuxarı-aşağı hərəkət etmir. Yer üzərində havanın təzyiqi ayrı-ayrı yerlərdə müxtəlifdir. Bu zaman hava təzyiqin yüksək, yəni qaz molekullarının çox olduğu yerdən təzyiqin aşağı, yəni qaz molekullarının az olduğu yerə doğru hərəkət etməyə başlayır. Planetimizin üzərindəki havanın sıxlığı bərabərləşməyə çalışır. Doldurulmuş hava şarının içindəki təzyiq otaqdakı təzyiq ilə müqayisədə böyükdür. Şarın ipini boşaldan kimi içərisindəki hava fışıltı ilə bayıra çıxmağa çalışır, təzyiqin aşağı olduğu yerə can atır. Külək, bax, beləcə yaranır!

Küləyin hansı sürətlə yerdəyişməsini anemometr adlanan xüsusi cihazla ölçürlər. XVII əsrdə ixtira olunan bu cihazın yarımkürə şəklində olan kasacıqları istənilən küləyin təsirindən hərəkətə gəlir. Külək nə qədər güclüdürsə, kasacıqlar bir o qədər sürətlə fırlanır. İndi elektrik anemometri ilə bərabər, küləyin hansı istiqamətdə və hansı sürətlə əsdiyini daim qeyd edən cihazlar var. Böyük yüksəklikdə küləyin sürətini ölçməyə zondlar – hava şarları kömək edir. Küləyin gücünü hesablayan xüsusi cədvəli ingilis generalı Bofort icad edib.
Külək nəyə qadirdir? O, dəyirmanın pərlərini fırladır, yelkənləri üfürüb şişirir, isti günlərə sərinlik gətirir, hava şarlarını və deltaplanları qaldırır, dağ süxurlarını qoparır, çöküntülərini bir yerdən başqa yerə aparır. Nəticədə lyoss adlanan, bitki yetişdirmək üçün yararlı olan kövrək və narın torpaq əmələ gəlir. Bu cür külək insanların işinə yarayır. Lakin külək quraqlıq da gətirir, ağacları qoparır, gəmiləri batırır, gətirdiyi qum və qardan maneələr yaradır.

Külək məhsulun bol olmasına təsir göstərir, çünki bitkiləri tozlandırır. Külək olmadan yağış da yağmır. Külək ətrafında damcılar əmələ gələn ən xırda toz hissəciklərini yuxarı qaldırır.
Bəzən külək ani dağıdıcı təsir göstərir. Qasırğa, burağan, tornado, boran, çovğun, fırtına, tufan bu təbiət hadisəsinin müxtəlif adlarıdır.
Səhranın səmum adlanan isti və quru küləyi milyonlarla ton ağırlığında qum tozunu qaldırmaq, barxanların (qum təpələri) yerini dəyişmək, səhrada dolaşan karvanları quma basdırmaq iqtidarındadır. 2500 il əvvəl qum fırtınası İran hökmdarı Kambizin ordusunu udub. Qoşunun məhv olduğu yeri yalnız zəmanəmizdə tapıblar. Antarktidada qar çovğununda artıq yarım metr məsafədən göz-gözü görmür. Belə günlərdə çölə çıxan qütbçülər yolu itirməmək üçün xüsusi kəndirlərdən tutub gəzirlər.

Burağan və tornado iki hava təbəqəsi toqquşan zaman yaranır. Soyuq hava sürətlə aşağı, isti hava isə yuxarı hərəkət edir, tozsoran kimi yoluna çıxan nə varsa sorub özü ilə bərabər yuxarı qaldırır. Bu tozsoranda hava təyyarə sürəti ilə fırlanır. Onun gücü böyük bir ölkənin elektrik stansiyalarının gücündən heç də az deyil. Tornado maşınları, evləri və qatarları havaya qaldırmaq iqtidarındadır. Burağan isə bir yerdə olan gölü “özünə çəkib” başqa bir yerə boşaltmağa qadirdir. Burağanlara Şimali Amerikada daha çox təsadüf edilir. Su burağanları diyarı adlandırılan Florida-Kis adalarında belə burağanlar hər gün baş verir.
Küləyi ram etmək mümkün olmasa da, insanlar proqnozlaşdırmaq və istifadə etmək üçün bu təbiət hadisəsini öyrənməyə çalışırlar.
26.07.2014