Xəbərlər

“Saçları səməni oğlan” adlı nağıl kitabı nəşr olunub

Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəis müavini Vüqar Haqverdiyevin uşaqlar üçün yazdığı “Saçları səməni oğlan” nağıl kitabı işıq üzü görüb.


AMEA-dan AZƏRTAC-a bildirilib ki, xalqımızın qədim bayramlarından olan Novruza həsr edilmiş kitabın redaktoru Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmləri doktoru Elnarə Akimova, rəssamı isə müəllifin özüdür. 


Yeni nəşr Azərbaycan uşaq ədəbiyyatının inkişaf etdirilməsi, xalqımızın adət-ənənələrinin təbliği və uşaqların mənəvi-estetik tərbiyəsi baxımından böyük əhəmiyyətə malikdir.


Xatırladaq ki, V.Haqverdiyev dəfələrlə respublikamızda keçirilmiş müxtəlif nağıl, eləcə də analitik yazı müsabiqələrinin qalibi olub.