“Avtomobilinizi uşaqlarınız üçün təhlükəsiz edin” adlı məktəblərarası yarışa yekun vurulub
Azərbaycan Milli Avtomobil Klubu (AMAK) Təhsil Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi, Bakı şəhər Yol Polisi İdarəsi, Günay Sığorta, Dünya Səhiyyə Təşkilatı və UNICEF Azərbaycanın dəstəyi ilə keçirilən “Avtomobilinizi uşaqlarınız üçün təhlükəsiz edin” adlı məktəblərarası yarışa yekun vurulub.
AMAK-dan AZƏRTAC-a verilən məlumata görə, yarışın əsas məqsədi yol hərəkəti qaydaları, təhlükəsizlik kəməri və uşaq avtooturacaqları mövzusunda uşaqların bilik və bacarıqlarını qiymətləndirmək və onlara yeni biliklər aşılamaqdan ibarət olub.
Üç mərhələdə təşkil olunan yarışın birinci mərhələsində komandalar yol qaydaları, uşaq avtooturacaqları və təhlükəsizlik kəməri ilə bağlı sualları cavablandırıblar. İkinci mərhələdə uşaqların yaradıcılıq qabiliyyətlərini yoxlamaq üçün komandalara yol nişanı, təhlükəsizlik kəməri və uşaq avtooturacağı ilə bağlı rəsm çəkmək tapşırılıb. Sonuncu mərhələdə isə məktəblilər yol nişanları və uşaq avtooturacağı əks olunmuş şəkilləri bir yerə toplayıblar.
Yarışın qalibləri AMAK, Baş Dövlət Yol Polisi İdarəsi, “Günay” sığorta şirkəti, UNICEF Azərbaycan və Dünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanan hədiyyələr və sertifikatla mükafatlandırılıblar.
Yarışdan sonra iştirakçı valideynlər arasında da müsabiqə keçirilıb və qalib uşaq avtooturacağı ilə mükafatlandırılıb. Münsiflər heyətinin üzvləri uşaqları, həmçinin də valideynləri təhlükəsizlik kəmərlərinin və uşaq avtooturacaqlarının əhəmiyyəti barədə maarifləndirmə müzakirələri aparıb və onların insan həyatını necə xilas etdiyi barədə həm beynəlxalq, həm də öz təcrübələrini bölüşüblər.
11.02.2020