Xəbərlər

“Məktəblilər üçün süd” pilot layihəsi çərçivəsində valideynlərlə ilk görüş keçirilib

Qida Təhlükəsizliyi Agentliyi 2019-2020-ci tədris ilindən etibarən Təhsil, Kənd Təsərrüfatı və Səhiyyə nazirlikləri ilə birgə “Məktəblilər üçün süd” pilot layihəsinə start verib. Layihənin əsas məqsədi uşaqlara südiçmə vərdişini aşılamaq, vitamin və mineral çatışmazlığından yarana biləcək problemlərini sağlam qidalanma ilə aradan qaldırmaq, onları sağlam qidalanma ilə bağlı maarifləndirmək, eyni zamanda, məktəbliləri təzə südlə təmin etməkdir.

 

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihə çərçivəsində Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 305 nömrəli orta məktəbdə və Qaradağ rayonunun Qobu-1 yaşayış massivindəki 29 və 32 nömrəli məktəblərdə valideynlərlə görüş keçirilib.

 

Görüşdə agentlik əməkdaşları iştirakçılara layihə çərçivəsində məktəblilərin təzə südlə təmin olunması ilə yanaşı, onlara sağlam qidalanma vərdişlərinin aşılanması, vitamin və mineral çatışmazlığı problemlərinin qidalanma ilə aradan qaldırılması istiqamətində zəruri məlumatlar çatdırıblar. Pilot layihəyə hazırlıq məqsədilə keçirilən görüşdə valideynlərə südün istehlak qaydaları və insan orqanizmi üçün faydaları barədə məlumat verilib.

 

Qeyd olunub ki, uşaqların fiziki və əqli cəhətdən normal inkişafını təmin edən vacib amillərdən biri də onların düzgün qidalanmasıdır. Gələcək nəsillərin sağlamlığının təmin edilməsi məqsədilə ölkəmizdə həyata keçiriləcək bu layihə ibtidai siniflərdə təhsil alan şagirdləri əhatə edəcək.

 

Görüşdə valideynlərin sualları cavablandırılıb və onlara övladlarının bu layihədə iştirakı ilə əlaqəli məlumatları özündə ehtiva edən vərəqələri təqdim olunub. Bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən layihədən əvvəl və sonra uşaqlardan qan nümunələri götürülərək qanda kalsium və D vitaminin miqdarının müəyyən edilməsi məqsədilə laborator müayinələrə cəlb olunması nəzərdə tutulub. Həmçinin südə həssaslığı olan şagirdlərin layihədən kənar tutulması məqsədilə laktozaya həssaslığın təyin edilməsi planlaşdırılıb.