Xəbərlər

Respublika Uşaq Kitabxanasında balacalar üçün növbəti müsabiqə keçirilib

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Rusiya İnformasiya Mədəniyyət Mərkəzi ilə birgə “Yubilyar kitablar və yazıçılar 2019-cu ildə” adlı layihə çərçivəsində müsabiqə keçirib.


Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə Qaraçuxur qəsəbəsi 145 nömrəli, Nərimanov rayonu 36 nömrəli  və Nizami rayonu 129 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında A.S.Puşkinin “Qızıl Xoruz” , K. Çukovskinin “Aybolit”, İ.A.Krılovun “Cırcırama və qarışqa”, “Meymun və gözlük”, “Kvartet”, S.Y. Marşakın “Bığlı zolaqlı pişik”, İ.Nəsiminin qəzəlləri səhnələşdirilərək təqdim olunub.


Müsabiqə uşaqların diqqətini kitaba və mütaliəyə yönəltmək və məktəbliləri yazıçıların yaradıcılığı ilə yaxından tanış etmək məqsədi ilə təşkil olunub.  Şagirdlər təqdim etdikləri səhnəciklərdə görkəmli yazıçıların əsərlərindəki dərin mənanı tədbir iştirakçılarına çatdırmaq üçün öz bacarıqlarını sərgiləyiblər.