Bu maraqlıdır!

Jonqlyorlar hər şeyi bacarırlar

Jonqlyorluq sirk sənətinin şar, çubuq, poi və gürz kimi bir neçə obyekti eyni vaxtda bacarıqla oynatmaq növüdür. Jonqlyorluq həm də şən, sağlam və maraqlı asudə vaxt keçirmək və istirahət etmək vasitəsidir. 
 
Jonqlyorluq hərəkətləri əlaqələndirməyi, hərəkət vərdişlərini, sürəti və çevikliyi  inkişaf etdirir. Jonqlyor səyyar nağılbaz, peşəkar rəqqas, çox vaxt həm də musiqiçi və fokus göstərəndir. Belə musiqiçilər bir qayda olaraq həm bəstəkar, həm də bir çox musiqi alətlərində çalmağı bacaran ifaçılar idi. 
 
Jonqlyorların böyük əksəriyyəti aşağı təbəqədən olub.  Onlar  təkcə nüfuzlu senyora və cəngavərə deyil, həm də şəhər sakininə, hətta kəndliyə  xidmət göstəriblər. Jonqlyor  hər işin ustası sayılırdı.  O, şeir oxuyur, məzəli əhvalatlar danışardı. 
 
Zəmanəmizdə jonqlyorluq sirk sənətinin yetərincə mürəkkəb janrıdır. Jonqlyorluq  vərdişini unutmamaq üçün hər gün xeyli məşq etmək, peşəkarlığı artırmaq,  yeni-yeni element və tryuklar   fikirləşib tapmaq və mənimsəmək lazımdır.
 
Manejin inspektoru jonqlyorların nömrəsini elan edəndə,  camaat nə görəcəyini  - manejin günbəzinə doğru uçan halqalara, gürzlərə və toplara tamaşa edəcəyini irəlicədən bilir: Artist tək deyilsə, həmin əşyaları bir neçə nəfər öz aralarında oynadır.
 
Özünü huşsuzluğa vuran, bacarıqsız göstərməyə çalışan jonqlyor həmişə şən gülüş doğurur.  Sanki hər şey əlindən tökülür, lakin son anda macal tapıb düşməkdə olan  boşqabı və hətta akvariumu tutmağı bacarır. 
 
Jonqlyorluq yüksək dəqiqlik və sürətli hərəkət tələb edən sənətdir.  Jonqlyorluq məharəti böyük zəhmət sayəsində qazanılır. Cəmi 10-15 dəqiqə çəkən  nömrəni təqdim etmək üçün jonqlyor məşq zamanı həmin hərəkətləri beş-altı saat durmadan  təkrarlayır. 
 
O, əşyaları çox asanlıqla və bacarıqla oynadır. Şarlar, şlyapalar, raketkalar sanki göydə uçur və  tilsimlənmiş kimi  düz onun əlinin içinə qayıdır. Budur, rəngbərəng böyük top  onun barmağının ucunda fırlanmağa başlayır, onun üstündə başqa bir top əks istiqamətdə fırlanır, nisbətən kiçik olan üçüncü  top isə ikincinin üstündə  fırlanır.  Jonqlyor  xalça üzərində dombalaq aşır, toplar isə sanki onun bədəninə bənd edilmiş kimi  başı və çiyinləri üzərində hərəkət edir. Zəif dartılmış  ip  üzərində  ləngər vuran yonqlyor  halqa və gürzləri  məharətlə oynadır. 
 
Portağalları oynadan jonqlyor haqqında ibrətamiz əhvalat 
 
Jonqlyor  meydanın  mərkəzində dayandı, üç portağal çıxardı  və onları oynatmağa başladı. Jonqlyorun ətrafında dövrə vurub dayanan adamlar heyrətlə onun incə və plastik hərəkətlərinə tamaşa edirdilər. 
Səyyahın yanında dayanan bir nəfər dedi: 
- Bu, nə az, nə çox, həyatda olduğu  kimidir... Bizim həmişə hər əlimizdə bir portağal, biri isə havada olur.  Lakin məhz havada olan  müxtəliflik yaradır. O, bacarıqlı  və təcrübəli əl tərəfindən yuxarı atıla bilər, lakin öz səmtində uçur.  Biz də yonqlyor kimi arzumuzu dünyaya atırıq, lakin heç də həmişə onu nəzarətdə saxlaya bilmirik. Belə anlarda özümüzü Yaradanın ixtiyarına verməliyik. Əgər bunu vaxtında etsək,  onda arzumuz düzgün səmtdə uçacaq,  tamamlanandan sonra   düz ovucumuzun içinə düşəcəkdir.