Jonqlyorluq sirk sənətinin şar, çubuq, poi və gürz kimi bir neçə obyekti eyni vaxtda bacarıqla oynatmaq növüdür. Jonqlyorluq həm də şən, sağlam və maraqlı asudə vaxt keçirmək və istirahət etmək vasitəsidir.
Jonqlyorluq hərəkətləri əlaqələndirməyi, hərəkət vərdişlərini, sürəti və çevikliyi inkişaf etdirir. Jonqlyor səyyar nağılbaz, peşəkar rəqqas, çox vaxt həm də musiqiçi və fokus göstərəndir. Belə musiqiçilər bir qayda olaraq həm bəstəkar, həm də bir çox musiqi alətlərində çalmağı bacaran ifaçılar idi.
Jonqlyorların böyük əksəriyyəti aşağı təbəqədən olub. Onlar təkcə nüfuzlu senyora və cəngavərə deyil, həm də şəhər sakininə, hətta kəndliyə xidmət göstəriblər. Jonqlyor hər işin ustası sayılırdı. O, şeir oxuyur, məzəli əhvalatlar danışardı.
Zəmanəmizdə jonqlyorluq sirk sənətinin yetərincə mürəkkəb janrıdır. Jonqlyorluq vərdişini unutmamaq üçün hər gün xeyli məşq etmək, peşəkarlığı artırmaq, yeni-yeni element və tryuklar fikirləşib tapmaq və mənimsəmək lazımdır.

Manejin inspektoru jonqlyorların nömrəsini elan edəndə, camaat nə görəcəyini - manejin günbəzinə doğru uçan halqalara, gürzlərə və toplara tamaşa edəcəyini irəlicədən bilir: Artist tək deyilsə, həmin əşyaları bir neçə nəfər öz aralarında oynadır.
Özünü huşsuzluğa vuran, bacarıqsız göstərməyə çalışan jonqlyor həmişə şən gülüş doğurur. Sanki hər şey əlindən tökülür, lakin son anda macal tapıb düşməkdə olan boşqabı və hətta akvariumu tutmağı bacarır.
Jonqlyorluq yüksək dəqiqlik və sürətli hərəkət tələb edən sənətdir. Jonqlyorluq məharəti böyük zəhmət sayəsində qazanılır. Cəmi 10-15 dəqiqə çəkən nömrəni təqdim etmək üçün jonqlyor məşq zamanı həmin hərəkətləri beş-altı saat durmadan təkrarlayır.
O, əşyaları çox asanlıqla və bacarıqla oynadır. Şarlar, şlyapalar, raketkalar sanki göydə uçur və tilsimlənmiş kimi düz onun əlinin içinə qayıdır. Budur, rəngbərəng böyük top onun barmağının ucunda fırlanmağa başlayır, onun üstündə başqa bir top əks istiqamətdə fırlanır, nisbətən kiçik olan üçüncü top isə ikincinin üstündə fırlanır. Jonqlyor xalça üzərində dombalaq aşır, toplar isə sanki onun bədəninə bənd edilmiş kimi başı və çiyinləri üzərində hərəkət edir. Zəif dartılmış ip üzərində ləngər vuran yonqlyor halqa və gürzləri məharətlə oynadır.
Portağalları oynadan jonqlyor haqqında ibrətamiz əhvalat
Jonqlyor meydanın mərkəzində dayandı, üç portağal çıxardı və onları oynatmağa başladı. Jonqlyorun ətrafında dövrə vurub dayanan adamlar heyrətlə onun incə və plastik hərəkətlərinə tamaşa edirdilər.
Səyyahın yanında dayanan bir nəfər dedi:
- Bu, nə az, nə çox, həyatda olduğu kimidir... Bizim həmişə hər əlimizdə bir portağal, biri isə havada olur. Lakin məhz havada olan müxtəliflik yaradır. O, bacarıqlı və təcrübəli əl tərəfindən yuxarı atıla bilər, lakin öz səmtində uçur. Biz də yonqlyor kimi arzumuzu dünyaya atırıq, lakin heç də həmişə onu nəzarətdə saxlaya bilmirik. Belə anlarda özümüzü Yaradanın ixtiyarına verməliyik. Əgər bunu vaxtında etsək, onda arzumuz düzgün səmtdə uçacaq, tamamlanandan sonra düz ovucumuzun içinə düşəcəkdir.