Xəbərlər

Bu gün Qar Qızın Ad Günüdür

Qar qız – Yeni il və nağıl qəhrəmanı, Şaxta babanın nəvəsi, onun daimi yol yoldaşı və köməkçisidir. Bayramlarda uşaqlar və Şaxta baba arasında vasitəçi kimi çıxış edir.

 

Qar qızın yaşı balaca qızcığaz və gənc qız arasında dəyişilir. Ən çox isə gənc qız obrazında təsvir edilir, çünki həm ədəbi obraz kimi, həm də Şaxta babanın müşayiətçisi kimi daha uyğun gəlir. Şaxta babanın və Qar qızın ilk birgə rəsmi çıxışı 1937-ci ildə Moskva İttifaqlar Evində olmuşdur. Qar qız rus folklorunda qardan düzəldilmiş və canlanmış qız haqqında xalq nağılının personajıdır.

 

Bu süjet 1869-cu ildə A.Afanasyev tərəfindən işlənmiş və “Slavyanların təbiətlə bağlı poetik görüşləri” adlı kitabının ikinci cildində dərc olunmuşdur. 1873-cü ildə A.N.Ostrovski Afanasyevin nağıllarının təsiri ilə “Qar qız” pyesini yazır. Burada Qar qız Şaxta baba və Günəş tanrısı Yarilanın şərəfinə yay ritualı zamanı həlak olan Qırmızı Baharın qızı kimi təqdim olunur. O, gözəl, solğun bənizli, açıq rəngli saçlara malik olub, xəzlə haşiyələnmiş ağ-mavi kürk, papaq və əlcəklər geyinib.

 

Əsər ilk əvvəl uğur qazanmasa da, 1882-ci ildə N.A.Rimski Korsakov pyes əsasında eyniadlı operanı tamaşaya qoyduqdan sonra böyük şöhrət qazanmışdır. 1968-ci ildə “Qar qız” filminin çəkilişləri zamanı Mera çayının kənarında ağac dekorasiyalarından bütöv kənd yaradılıb. Məhz burada A.N.Ostrovski öz əsərini yazmışdır. Çəkilişlər başa çatdıqdan sonra ağac dekorasiyalar Kostromaya köçürülüb, burada “Berendeyevka” parkı salınıb.

 

2008-ci ildə Kostromada Qar qızın köşkü tikilmişdir və orada Qar qız ilboyu qonaqlarını qəbul edir. 2009-cu il aprelin 4-də ilk dəfə rəsmi şəkildə Qar qızın ad Günü qeyd olunmuşdur. Həmin vaxtdan Qar qızın ad Günü Kostromada hər il keçirilir.