Günəşli bir yaz günü idi. Uşaqlar çəməndə oynayır, günəşin isti şüaları altında atılıb düşürdülər. Birdən uzaqdan qara buludlar görünür. Az sonra göyün üzü buludlarla örtülür, ildırım çaxır, güclü yağış yağmağa başlayır. Uşaqlar qaçaraq dağılışırlar.
Buludlar nədən yaranır və necə olur ki göydən su tökülür?
Bu proses günəşin yeri qızdırması ilə başlayır. Nəticədə okeanlar, dənizlər, çay və göllər isinir. Bu zaman sular buxarlanır və buxar yüngül olduğu üçün havaya qalxır. Soyuq hava kütlələrinin təsiri ilə buxar soyuyur və buluda çevrilir. Buludlar belə yaranır.
Hava axınının bir yerə cəmlədiyi buludlar daha da soyuyur. Bunun nəticəsində buludun içərisindəki buxar yenidən maye halına keçir və xırda su damcıları əmələ gətirir. Onlar da bir birini cəzb edərək birləşir, tədricən böyüyür və nəhayət ağırlığa tab gətirməyərək yerə tökülür. Yağış da belə yaranır.
05.02.2014