Çörək ağacı
Çörək ağacı adlandırılan ağac troik ölkələrdə bitir. Adının əksinə olaraq, meyvəsinin nə dadı, nə də ki görünüşü çörəyə bənzəmir. Bəs onda bu ağac niyə çörək ağacı adlanır?
Çörək ağacı — Moraceae (tutkimilər) fəsiləsindən olan ağac növüdür. Malayziya, İndoneziya və Papua Yeni Qvineyada bitir. Ağacın vətəni Malay arxipelaqıdır. Ən çox becərildiyi region Cənubi Asiya regionu sayılır və buranın əhalisinin qidasında əhəmiyyətli yer tutur.
Meyvələri Polineziyanın yerli əhalisi tərəfindən çörək kimi istifadə edilən ağac haqqında ilk məlumat XVII əsrin sonlarında ortaya çıxdı.
Dünyaya meyvə haqqında məlumatı İngilis dənizçisi Vilyam Dampir çatdırdı. Yüz il sonra Yamayka şəhərində aclıq başladı və hakimiyyət qeyri-adi bir addım atmağa məcbur oldu. Qulları yedirtmək, ucuz ərzaq təmin etmək məqsədilə, çörək ağacları yetişdirməyə başlanıldı.
Yetkin çörək ağacı 26 metr hündürlükdə olur. Ağac diametri 15-30 sm olan dairəvi formada mürəkkəb meyvə əmələ gətirir. Qabığı yaşıl, sarımtıl-yaşıl və ya qəhvəyi rəngdə olur. Ətliyi xəmirəoxşar sarımtıl kütlədən ibarətdir. Daxilində 2-3 ədəd şabalıd boyda iri toxumu olur. Meyvəsinin iyi xoşagəlməzdir. Meyvəsi kulinariyada tərəvəz kimi, bişirilmiş halda istifadə olunur. Bəzən onu torpağa basdırıb pendir kimi fermentləşdirdikdən sonra yeyirlər.
Çörək ağacı meyvəsi digər meyvələrlə müqayisədə yüksək enerji dəyərinə malikdir. Bundan əlavə, meyvə kaliumla olduqca zəngin olur, tərkibində həmçinin fosfor, kalsium, maqnezium, vitamin C və B qrupunun vitaminləri var. Buna görə də çörək ağacı meyvəsi yalnız qiymətli və qidalı deyil, həmçinin sağlamlıq üçün vacib mikroelementlərlə zəngindir.
Çörək ağacının ən böyük üstünlüyü yüksək məhsuldarlığıdır. Bir il ərzində tək yetkin bir ağacdan təxminən 150-700 meyvə əldə etmək olur. Bitki üçün əlverişli şərait olsa, o, yalnız 3 ay ərzində "istirahət" edərək, il ərzində bir neçə dəfə meyvə vermək gücünə malikdir. Çörək ağacından 60-70 il ərzində məhsul əldə etmək mümkündür. Həmçinin, ağac hər il 0,5-1 m artım göstərərək, sürətli böyümə ilə xarakterizə olunur.