Ovçu dəniz soxulcanı
Bobbit Soxulcanı (Eunice aphroditois) çoxqıllı həlqəvi qurdlar sinfindən olan dəniz canlısıdır. Ona həmçinin qum zərbəçisi (sand striker) də deyirlər. O, özünü okeanın çınqıllı, palçıqlı, mərcanlı səthinə basdırır, başının üzərində yerləşən beş bığcığa şikarın yaxınlaşdığı hissi gələnə qədər gözləyir. Şikarına sürətli və güclü hücum edir, bəzən ovunu iki yerə böldüyü də görülüb.
Güclü dişlərlə silahlanmış bu soxulcanlar yaşayış məskənləri olan mərcanları çənələri ilə gəmirərək irəliləyə bilirlər. 25 mm və 1 m uzunluqda olanlara rast gəlinib. Ancaq hesab olunur ki, bu soxulcanlar 3 m dək uzana bilirlər.
Sakit və Atlantik okeanı ərazilərində rast gəlinir. Bədənini örtən tükə bənzər quruluş vasitəsilə ovun bədəninə zəhər yeridərək onu hərəkətsiz vəziyyətə sala və ya öldürə bilir. Hətta şikar özündən böyük olsa da onu yeyərək həzm edir. Bobbit soxulcanları çox qorxunc və təhlükəli olan aslan balığını da öldürməyə qadirdir.
Bəzən iri akvarium çənlərinə düşə bilir və oradakı canlıları məhv edir. Belə hadisələrdən biri də 2009-cu ildə İngiltərədə Blu Rif Akvaryumda qeydə alınıb. İşçilər çənlərin birində balıqların yaralandığını və yoxa çıxdığını görüblər. Araşdırmalardan sonra səbəbin bobbit soxulcanı olduğu bilinib.