Hərəkət edən daşlar
Hərəkət edən daşlar elmin tam dəqiq açıqlama verə bilmədiyi tapmacalardan biridir. Bu fenomen hadisə ABŞ-ın Kaliforniya ştatının Ölüm vadisi deyilən ərazisində baş verir. Vadi 13,800 km² ərazini əhatə edir. Bu vadidə qəribə bir hadisə baş verir. Həm böyük, həm də kiçik ölçüdə olan daşlar gah dalğavari, gah ziqzaq, gah da düz xətt üzrə vadi boyu kilometrlərlə yol yeriyirlər. Daşların hərəkəti bir istiqamət üzrə deyil, müxtəlif istiqamətlərdə izlənilir.
Yeriyən daşlar ilk dəfə aşkar edildikdə elm dünyasında böyük əks-səda doğurmuş və elm adamları bu əsrarəngiz hadisəni dərhal araşdırmağa başlamışdılar.
1940-cı illərin sonunda geoloq Jim Makalister və Allen Aqnyu daşlar və onların izlərinin ilk xəritəsini düzəltdilər. Daha sonra prosesə ABŞ Milli Parkı Xidmətinin əməkdaşları qoşuldular.
Uzun müddətdir ki, Ölüm Vadisinin hərəkətli daşları müxtəlif elmi fərziyyələrə səbəb oldu. İlk hipotezlərin əksəriyyəti, məhz fəsil ilə əlaqədar olaraq torpağın altında qurumuş göl olan Reystrek Playanın üzərində küləyin qeyri-adi davranışı ilə baş verdiyini izah edirdi. Lakin 50-ci illərin ortalarında, geoloq Corc Stenli daşların küləyin şiddəti nəticəsində hərəkət etməsi fərziyyəsini inkar etdi, çünkü daşlar hərəkət etmək üçün çox ağırdılar. Alimin fərziyyəsinə görə, gölün səthində mövsümi daşqınlar zamanı əmələ gələn buz qatı daşların hərəkət etməsinə səbəb olur.
Ancaq illərlə aparılan tədqiqatlara baxmayaraq, uzun müddət alimlər heç nə əldə edə bilmədilər. Vadidə heç vaxt yağış yağmaması və zəlzələ olmaması bütün digər ehtimalları aradan çıxardı. Daşların yuxarıya doğru da hərəkət edə bilməsi bu hadisənin bölgədəki maqnetik sahə ilə əlaqədar olmadığını təsdiqlədi.
2010-cu ilin baharında NASA-dan tədqiqatçılar vadini təhlil etməyə başladılar. Düz əraziyə ötürücülər yerləşdirildi. Bu ötürücülər 3/4 qarış və 3 qarışlıq dərinliyə basdırıldı. Cihazlar mart ayında torpağın ən üst təbəqəsində şaxta olduğunu, aprel ayında isə 3 qarış dərinliyə qədər torpağın nəm olduğunu göstərdi. Bu məlumatlara əsaslanaraq tədqiqat qrupu bir nəticəyə gəldi. Mart ayında ətrafdakı dağlara yağan qar incə təbəqə şəklində vadiyə axır, gecə vaxtı daşların altına su dolur və beləliklə, buz halqası meydana gəlir. Aprel ayında vadiyə ikinci dəfə incə su təbəqəsi axdıqda daşın altında qalan buz halqaları bir növ qayıq kimi daşların suyun üzərində üzməsinə səbəb olur. Buz halqaları şüşə kimi möhkəm olduğuna görə, vadinin üzərində iz qoyur,ancaq sonra əriyərək yox olduqda geridə ancaq daşlar və daşların yeridiyi cığırlar qalır.
25.12.2018