Bu maraqlıdır!

Xeops və Böyük ehram

Misir fironu  Xufu (yunanca Xeops)  daha çox Cizədə (Misir) Böyük ehramın inşası ilə tarixdə iz qoyub.  Ehram, görünür, onun qəbirüstü  abidəsi kimi  inşa olunub.  Fironun doğum və ölüm tarixi  dəqiq məlum deyil, lakin hesab olunur ki,  Xeops eramızdan əvvəl  XXVI əsrdə hökmranlıq edib.  Məlumdur ki, onun hakimiyyəti illərində Misirin  paytaxtı Memfis  idi. Xeopsun hakimiyyəti uzun sürüb. Buna baxmayaraq, onun həyatı  barədə çox az şey bilirik. 
 
Cəsarətlə deyə bilərik ki,  Böyük Ehram  bəşəriyyət tərəfindən yaradılmış  ən gözəl və ən möhtəşəm  tikilidir. Ehram hələ lap qədim zamanlarda Dünyanın yeddi möcüzəsindən biri sayılırdı. Digər altı möcüzə yer üzündən çoxdan silinsə də, Xeopsun şərəfinə elə Xeops tərəfindən ucaldılmış Böyük ehram  misli-bərabəri olmayan bir abidə kimi bizim günlərə gəlib çatıb. 
 
Ehramın mükəmməl konstruksiyası və nəhəng ölçüləri həqiqətən heyrətamizdir.  Otuz fut hündürlüyündə üst hissəsi dağılan ehram hazırda 450 fut hündürlüyündədir. Bu isə təqribən otuz beş  mərtəbəli bina deməkdir! Tikintidə hər biri 2,5 ton ağırlığında olan təxminən 2.300.000  daş blokdan istifadə olunub. Müxtəlif ölçüdə otaq və dəhlizlərdən  ibarət olan ehramın inşasına elə müxtəlif ölçüdə daşlar tələb olunub. Bu da inşaat işlərində əlavə çətinlik yaradıb.
 
Qədim misirlilərin təxminən 46 əsr əvvəl müasir avadanlıq və  texnika olmadan  belə nəhəng  abidəni ucaltmaları ağlasığmaz məsələdir. Ölkənin resurslarını belə nəhəng işə yönəltmək üçün  əsaslı planlaşdırma və böyük inzibati bacarıq tələb olunurdu.
 
Fərz etsək ki, Böyük ehramın inşası təxminən 20 il çəkib, belə çıxır, hər gün 300-dən çox daş blok qoyulmalı idi. Bu qədər sayda bloku kəsib inşaat yerinə gətirmək, lazımi ölçüyə salmaq və yerində oturtmaq  həddindən artıq çətin məsələdir.  Üstəlik, daş blokların  daşınması üçün  yaxşı donanma, habelə   tikintidə işləyən fəhlələrin qarnını doydurmaq üçün yaxşı  təchizat sistemi lazım idi. 
 
Böyük ehram artıq 4500 il dayanıb və çox güman,  müasir mühəndislərin  yaratdıqları  bütün binalar toza çevriləndən sonra da öz yerində olacaq. Ehram, əslində, dağılmazdır. Hətta atom bombasının zərbəsinə tuş gəlsə də, məhv olmaz. Əlbəttə, ehram  yavaş-yavaş  dağılmaq üzrədir.  Lakin eroziyanın müasir vəziyyətində  hələ bir milyon ildən çox mövcud olacaq. Mövcud olduqca Xeopsun adını da tarixdə yaşadacaq.