Daş dalğası, Avstraliya
Nəhəng dalğa formasında olan qeyri-adi qaya Qərbi Avstraliyada “Hayden” Vəhşi Təbiət Parkının şimal hissəsində yerləşir. Qaya 15 metr hündürlükdə və 110 metr uzunluqdadır. Bu nəhəng qranit hissələrdən ibarət olan qayanın 2.7 milyard yaşı var.
Qaya böyük dəniz dalğasına bənzədiyinə görə “Daş dalğası” adlandırılmışdır.
Qayanın suyun qranit üzərində hərəkəti ilə meydana gəldiyi düşünülür. Üzərindəki rəngarəng zolaqlar isə yağış sularının təsiri ilə əmələ gəlib.
Gün ərzində qaya rəngini dəyişir: şaquli zolaqlar qırmızı, boz və ya sarı rəngə çevrilir. Möhtəşəm mənzərə meydana gəlir. Qayanın ətəyində dayananda, insanı nəhəng dalğa bürüyəcək kimi bir təəssürat yaranır.
Əsrlər boyu qaya yerli əhalinin mədəniyyətində çox vacib yer tutmuşdur. Aborigenlər hesab edirdilər ki, Daş dalğası həqiqi suya bənzəyir və burada təbiətin və ruhların qüvvəsi bir araya gəlir.
Bu gün Avstraliyalılar bu cür təbiət möcüzələrinə xüsusi hörmət edirlər və təbiətin gözəlliyini qorumaq üçün səy göstərirlər.
Daş dalğası yalnız fəal səyyahlar və təbiət sevərləri üçün deyil, həmçinin rok musiqisinin pərəstişkarları üçün də məşhurdur. Hər payız mövsümündə, qaya yaxınlığında “Wave Rock Weekender” adlı musiqi festivalı keçirilir.
Yerli sakinlər isə əksinə, bu yerlərdən uzaq durmağa çalışırlar və buranı anormal hesab edirlər.
Qayada Mulka adlı mağara da var. Aborigenlər bu adı “adamyeyən oğlan”ın şərəfinə qoyublar. Mağaranın divarlarında insan əllərinin izi var. Maraqlısı ondadır ki, bu izlər insan əlinin çatmayacağı qədər yüksək hissələrdədir.