Dünyanın ən çox şimşək çaxan bölgəsi
Katatumbo şimşəyi Venesuelada yerləşən bir atmosferik fenomendir. Katatumbo çay sularının Marakaibo gölünə töküldüyü yerin üzərində çoxlu sayda buludlar yaranır. Bu hadisə 1 km-dən çox hündürlükdə yerləşən bulud kütlələrinin toqquşması nəticəsində meydana gəlir. Şimşək fırtınası kimi də tanınır. İl ərzində 140-160 gecə, hər gecə 10 saat, saatda 280 dəfə çaxan bu vahiməli şimşəklər çay ilə gölün kəsişdiyi bataqlıq bölgənin üzərində peyda olur.
Venesueladakı bu göl dəqiqədə 28 şimşək çaxması ilə dünyanın ən çox şimşək çaxan yeri olaraq Ginnesin rekordlar kitabına düşüb. İlin 260 günü yağış, fırtına və şimşəklə keçən bu ərazi, gecə vaxtı şimşəyin təbii yolla yaratdığı elektrikin təsiri ilə göy üzünü aydınladır. Şimşəyin tezliyi il ərzində dəyişir və ildən ilə müxtəlif fərqlilik göstərir. O, quraqlıq səbəbindən 2010-cu ildə yanvardan mart ayına kimi müvəqqəti olaraq dayanmışdı. Bu da onun daimi olaraq söndüyü qorxusunu yaratmışdı. Şiddəti 400 min amper olmaqla il ərzində orta hesabla 1 milyon 176 min elektrik boşalması baş verir. Bu səbəbdən bu ərazilər dünyada ozon əmələ gətirən yeganə yer olaraq bilinir.
Bu təbii fenomen o qədər məşhurdur ki, hətta Venesuelada yerləşən Zulia dövlətinin bayraq və gerbində təsvir edilmiş və himnində adı anılır. 400 km-dən görüləcək qədər parlaq olan Katatumbo şimşəkləri, əsrlərlə məşhur olmuş və Marakaibo şimşək evi adlandırılmışdır. Hətta gəmilər dənizdə doğru istiqamətləri şimşəklərə görə təyin edirlər.
Mütəxəssislər, bölgədə bu qədər şimşək çaxdığının səbəbini öyrənməyə çalışırlar. 1960-cı illərdə, uran ilə zəngin olan qayaların səbəb olduğu düşünülmüşdü. Hal-hazırda isə bu vəziyyət yeraltı neft yataqlarından çıxan metan qazı səbəbi ilə gölün üstündəki havanın keçiriciliyinin artması ilə əlaqələndirilir. Lakin hələ sübut edilmədiyi üçün, bölgənin topoqrafik quruluşu, dağların ətəkləri, həddindən artıq dəniz sahillərinin girintili-çıxıntılı olması, küləyin əsmə tərzi və s. faktorlar səbəb kimi qəbul olunur.
Venesuelanın şimal-qərbində, Cənubi Amerikanın ən böyük gölü olan Marakaibo, Karib dənizi ilə birləşir. Üç tərəfi And dağlarının şimal zirvəsi ilə əhatə olunub. Gündüzlər, yandırıcı tropik günəş göldəki suyun buxarlanmasına səbəb olur. Axşamlar isə dənizdən gələn əsinti bu isti havanı dağlardakı soyuq havanın üstünə sürükləyir. İsti hava yuxarı qalxdıqca, buxarla dolu buludlar 12 km qalınlığa çata bilir. Yüksələn nəmli hava içindəki su hissəcikləri soyuq havada buz kristalları ilə toqquşduqda elektrik yaranır və şimşəkli fırtınalar başlayır. Sabit elektrik axını ziqzaq formalı şimşəklər şəklində yerə düşür və ya buludların arasından keçərək orada işıqlanır. Göy gurultusu isə, günəşdən 3 dəfə daha isti olan şimşək istiliyinin anidən ətrafdakı havanı sıxışdırması nəticəsində yaranan şok dalğalarıdır. Bu səsə və işığa yağış və dolu da qoşulur. Səs çox da uzağa çata bilmədiyi üçün bəziləri bu şimşəklərin səssiz olduğunu iddia edirlər.
22.11.2018