Məmməd Araz. “Dağlar küsüb”
Neçə yazdı düşmür yolum,
Yəqin dağlar küsüb məndən.
Gedib öpüm, qurban olum,
Yəqin dağlar küsüb məndən.
Çoxdan dağa-daşa yadam,
Salmır qonun-qonşu yada.
Əlim yatmır qoşmaya da.
Yəqin dağlar küsüb məndən.
Kəklik uçmur çopur daşdan,
Dağ kəlləri baxmır qaşdan.
Bulaq tutqun, çay pərişan,
Yəqin dağlar küsüb səndən.
Sağsağanlar səksəkəli, -
Kim baltalı, kim gülləli?..
Yarpaq gördüm qan ləkəli,
Yəqin dağlar küsüb məndən.
Düzlərimə şöhrət Araz,
Harayıma həsrət Araz.
Gecikmisən, Məmməd Araz,
Yəqin dağlar küsüb səndən.
29.10.2018