Günəş sistemi
Bizim planetimiz, yəni Yer kürəsi Günəş ətrafında dövr edən səkkiz planetdən biridir. Planetlər və onların peykləri, həmçinin asteroidlər və kometalar Günəş sistemini təşkil edirlər.
Günəş — yüksək temperaturu sayəsində öz-özünə işıq verən ulduzdur. Planetlər isə özləri işıq vermir, günəş işığını əks etdirirlər. Bununla da planetlər ulduzlardan fərqlənirlər.
Planetlər Günəşdən uzaqlığına görə bu ardıcıllıqla yerləşir: Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran, Neptun və Pluton. Bütün planetlər kürə formasındadır. Merkuri və Veneradan başqa bütün planetlərin peyki var. Peyklər planetlərin ətrafında dövr edirlər. Yupiter sayca ən çox peykə malik olan planetdir. Onun 16, Yer kürəsinin isə 1 peyki var. Yerin peyki bildiyimiz kimi Aydır.
Mars və Yupiterin peykləri arasından keçən asteroidlər cərgəsi planetlər sistemini iki hissəyə ayırır. Günəşə daha yaxın olan planetlər — Merkuri, Venera, Yer və Mars "yer qrupu planetləri” adlanır. Onlar bir-birinə bənzəyirlər – nisbətən balaca, daşlı və möhkəm olan bu planetlər nisbətən asta sürətlə hərəkət edirlər. Onların peyklərinin sayı da az olur. Bu qrupa daxil olan planetlərdən Yerin bir və Marsın isə iki peyki var – Deymos və Fobos.
Yupiter, Saturn, Uran və Neptun “nəhəng planetlər” qrupuna daxildirlər. Onların ətrafında daş nüvədən əhəmiyyətli dərəcədə böyük olan qaz təbəqəsi mövcuddur. Bu planetlərin hərəkət sürəti çox yüksəkdir, peyklərinin sayı da çoxdur.
Alimlər hələ qədim zamanlardan Günəş sistemini öyrənməyə başlayıblar. Onlar xüsusi cihazların köməyi ilə ulduzları və kosmik prosesləri izləyirdilər. Daha sonralar müşahidə borusu və teleskop ixtira olundu. Müasir dövrümüzdə isə astronomlar güclü cihazlardan və rəsədxanalardan istifadə edirlər.
Günəş sistemi barədə insanların müəyyən biliklərə malik olmasına baxmayaraq, hələ də öyrənilməmiş sahələr çoxdur. Planetlərin bir çoxu və onların peykləri hələ yaxşı tədqiq olunmayıb. Bəlkə də Günəş sistemi haqqında əsas biliklər hələ bundan sonra əldə ediləcək.
08.01.2019