Bu maraqlıdır!

Kimyanın fizikadan fərqi nədir?

Kimya müxtəlif maddələrin tərkibini və qarşılıqlı təsirini öyrənir. Fizika isə bu maddələrdən ibarət cisimlərdə baş verən müxtəlif prosesləri tədqiq edir. Məsələn, qar əriyəndə su, su qızdırıldıqda buxar yaranır. Bu, fiziki prosesdir. Çünki hər iki halda suyun tərkibində heç bir dəyişiklik baş vermir, onun sadəcə aqreqat halı dəyişir. 

 

Kimyaçılar yalnız ayrı-ayrı maddələri deyil, bu maddələrin tərkibindəki elementlərin qarşılıqlı təsirini də tədqiq edirlər. Bu tədqiqat nəticəsində onlar təbiətdə mövcud olmayan bir sıra sünii maddələr yarada bilirlər.

 

Keçmişdə kimya cadugərliyin bir növü hesab olunurdu və bu elmlə məşğul olanlar izlənilirdi. Buna səbəb kimi daha çox ilk kimyagərlərin istənilən maddəni qızıla çevirən fəlsəfə daşını axtarmaq istəyini göstərmək olar. Mirzə Fətəli Axundovun “Molla İbrahimxəlil kimyagər” adlı məşhur komediyasını xatırlayın. Fəlsəfə daşı ixtira olunmasa da bu yolda aparılan axtarışlar bir sıra mühüm maddələrin tərkibinin öyrənilməsinə səbəb oldu.

 

Kimya elminin atası sayılan fransız alim Antuan Lavuazye müəyyənləşdirmişdi ki, təbiətdə heç bir element iz buraxmadan yoxa çıxa bilməz. Hətta bir cisim gözlərimiz qarşısında yox olsa belə, kimya nöqteyi-nəzərindən gözlə görünməyən xırda hissəciklərə parçalanır. Məsələn, odun yanan zaman onun tərkibindəki oksigen karbon qazına çevrilərək tüstü ilə birlikdə havaya qalxır. Ağzı möhkəm bərkidilmiş sınaq şüşəsinin içərisində təcrübədən keçirsək görərik ki, yanan materialın kütləsi əmələ gələn yanacağın kütləsinə bərabər olur.