Şeirlər

Bəxtiyar Vahabzadə. "Neyləməli?"

Quş oxudu, fərəhləndik,  
Daş oxusa, neyləməli?
Hörümçəklər tor toxudu, 
Kol toxusa, neyləməli?

 

Dedim, dünya bir tamaşa, 
Hər arzumuz gəldi başa.
Dediklərim başdan-başa 
Boş yuxusa, neyləməli? 

 

Səsimiz yox, küyümüz var,
Oxumuz yox, yayımız var.
Dəmə gəlmiş çayımız var,
Qənd yoxdursa, neyləməli?

 

Yalanlardan cana doyduq,
Ona uyduq, buna uyduq.
Ət qoxudu, duza qoyduq,
Duz qoxusa, neyləməli?