Bu maraqlıdır!

İlk soyuducu

Hər birimizə məlumdur ki, ərzaq məhsullarını otaq temperaturuna nisbətən soyuqda daha uzun müddətə saxlamaq olur. Qədim insanlar bu məqsədlə buzdan istifadə edirlərmiş. Ümumiyyətlə, ərzaq məhsullarının kimyəvi yolla soyudulmasının 5 əsrlik tarixi vardır. 


XVI əsrdə Vilfafrank adlı bir aşpaz varlıların süfrəsi üçün şərabı selitra qatılmış suda soyutmaqla hazırlayırdı. İlk  məişət  soyuducusu almaniyalı mühəndis Karl fon Linde (1842-1934) tərəfindən icad olunub.

 

Onun soyuducusu qazı borulara vuran buxar mühərriki ilə işləyirdi. Soyuducunun arxasındakı boru ilə hərəkət edən qaz kondensə  olunaraq mayeyə çevrilirdi. Soyuducuya daxil olan maye dövr edir və temperaturu kəskin şəkildə azaldırdı. Nəticədə soyuducunun kamerası soyuyurdu. 


İlk soyuducunun korpusu ağacdan hazırlanırdı. Belə soyuducunun qiyməti də baha idi. Onu 1750 markaya satırdılar ki, bu məbləğə o zamanlar kənddə böyük bir ev almaq mümkün idi.  İlk elektrik soyuducusu  isə 1923-cü ildə isveçli mühəndislər Baltsferon fon Platen və Karl Munters tərəfindən icad olunub.