Rəsul Rza. "Xülyalar yolunda"
Görəsən, Xəzərin neçə yaşı var?
Görəsən, nə zaman
qalxıb, qabarıb
Şubanı dağı?
Görəsən, Abşeronun altında
neftdən qabaq nə olub?
Görəsən, kim yandırıb
birinci ocağı,
Bayıl sahilində?
Ulduzlara baxıram.
Dünən də vardılar,
bu gün də olacaqlar,
Sabah da olacaq...
Görəsən, Xəzər nə qədər yaşayacaq...
Görəsən, Şubanı dağı
nə zaman çökəcək?
Görəsən, Abşeron altındakı
neft qurtaranda,
yerində nə qalacaq?
Görəsən, kim yandıracaq,
yeni çıraqları Xəzər sahilində?
Görəsən, kim deyəcək,
yeni nəğməni,
nə dilində?
09.04.2018