Rəsul Rza. "Küçəmizin adı"
Üstü qırmızı kirəmit bir evdə
mən anadan olmuşam.
O zaman,
kölgəsi meydan çinarın,
şirəsi dərman
gülöyşə narın
şöhrəti hələ
gəzmirdi dildən-dilə.
Küçəmizin adı yoxdu belə.
Bizim məhləyə Arvanüstü deyərdilər;
evimizin qabağından axan
Arvan çayının adına görə.
Yüz meyvənin
yüz adı vardı;
rənginə görə, dadına görə.
Məni illər apardı, gəzdirdi
Xatirələrin dolaşıq yollarında.
Ancaq həsrətim
hərdən dillənirdi həzin-həzin.
Fikrim külək aparmış əlçim kimi,
elə bil, dolaşdı qaldı
Qoşaarxın yaxasındakı
böyürtkən kollarında.
İndi illər keçib.
Çox şey dəyişib.
İndi küçəmizin adı var:
“Füzuli!”
Elə sevinirəm ki, bu ada,
Füzuli bu küçədə
yaşamış olmasa da.
08.04.2018