Əziz Sultan. Uzunqulaqların qonaqlığı
Bir ceyran atlaya-atlaya meşənin kənarına gəlmişdi. Uzaqdan düzənlikdə eşələnən uzunqulaqları gördü. Onlar elə həvəslə bellərini yerə sürtüb eşələnir, bərkdən anqırıb gülüşürdülər ki, ceyran baxıb onların sevincinə həsəd apardı. Sağna-soluna boylandı. Ətrafda hansısa yırtıcı heyvan, yaxud ovçu görünmürdü. Diqqətlə addımlayıb uzunqulaqlara yaxınlaşdı. Bir az söhbət etdikdən sonra öyrəndi ki, onlar insanların yanında qalırlar. İnsanlar hər gün onlara gözəl yeməklər verib yaxşı qulluq edirlər. Onlar da insanlara təşəkkür etmək üçün bütün istəklərini yerinə yetirir, onlara daşıma işində kömək edirlər.
Ceyran öz-özünə fikirləşdi: “Mən hər gün meşədə narahat-narahat otlayıram. Hər an qarşıma bir aslan, bir pələng çıxar deyə qorxa-qorxa yeriyirəm. Yediyim də nədir: xırda-xırda yaşıl otlar, boynumu uzadıb çətinliklə çatdığım yarpaqlar, yabanı, xırda meyvələr. Amma uzunqulaqlar həm doyunca yemək yeyir, həm də yırtıcı heyvanlardan qorxmadan rahat-rahat yaşayırlar”.
Bu düşüncələrdə olan ceyran uzunqulaqlardan xahiş etdi:
— Məni də özünüzlə insanların yanına apara bilərsiniz?
Uzunqulaqlar belə fikirləşdi: “Bu heyvanı özümüzlə aparsaq, yükümüz azalar. İnsanlar iki heyvanın işini üç heyvanla görmüş olurlar. Biz də daha çox yatıb toz-torpaqda daha çox eşələnməyə vaxt taparıq”.
— Həə!.. — uzunqulaqlar ikisi birdən anqırdı. — Gəəəl!..
Beləliklə, uzunqulaqlara qoşulan ceyran axşamüstü gizlicə tövləyə girdi. Bir azdan uzunqulaqlar növbə ilə böyürüb anqırmağa başladılar. Bunu edərkən boyunlarını uzadıb ağızlarını tövlənin dar pəncərəsindən bayıra çıxarırdılar ki, gözəl səsləri hər kəs tərəfindən rahatca eşidilsin. Əlbəttə, səsləri özlərinə xoş gəldi. Onların əsəbləri tarıma çəkən sirena kimi səslərini eşidən sahibləri tövləyə yaxınlaşdı. Qarşılarında ot olmadığını görüb geri qayıtdı. Bir qucaq saman gətirib uzunqulaqların qabağına tökdü. Samanı axurun içində əli ilə sağa-sola yaydı. Belə etdi ki, heyvanlar bir-birini didmədən, dalaşmadan yesin, səsləri aləmi başına götürməsin.
Uzunqulaqlar başlarını axura salıb qabaqlarına tökülən samanı iştahayla yeməyə başlamışdılar. Alaqaranlıq küncə qısılıb gizlənən ceyran gözləyirdi ki, adam çıxıb getsin. Adam qapını örtən kimi o da irəli atıldı, böyük həvəslə uzunqulaqların arasında özünə yer edib samana girişdi. Ceyran ha orasından götürdü, ha burasından götürdü, amma samandan heç bir dad ala bilmədi. Onun dodaq büzdüyünü görən uzunqulaqlardan biri dedi:
— Bəyənmədin?
O biri uzunqulaq isə ceyranı məsxərəyə qoydu:
— Meşədəkilər bundan ləzzətlidir, hə?
Düzdür, uzunqulaqlar meşə çiyələyinin, ağacların budağından asılan xırda meyvələrin dadını bilmirdilər. Amma onlar gülüşməyə başlayanda ceyran tutduğu işə peşman oldu. Öz-özünə dedi: “Deməli, tamahkarlıq etməyib əldəki nemətə şükür etmək lazımdır. Yoxsa qarşına eləsi çıxar ki, əvvəlkini axtara-axtara qalarsan”.
13.10.2026